...

"Aİ Xəzər-Qafqaz regionundan qaz almağa başlayanda regionda bir, indi isə dörd təhlükə mənbəyi var" (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 Mart 2015 13:58 (UTC +04:00)
Aİ qaz ehtiyaclarını ödəmək üçün Azərbaycan, Türkmənistan və Əlcəzairlə əlaqələrə xüsusi önəm verir.
"Aİ Xəzər-Qafqaz regionundan qaz almağa başlayanda regionda bir, indi isə dörd təhlükə mənbəyi var" (ƏLAVƏ OLUNUB)

İlk xəbər 13:22-də yayılıb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Elçin Mehdiyev/

Avropa İttiffaqı Xəzər-Qafqaz regionundan qaz almağa başlayanda, regionda bir, indi isə dörd təhlükə mənbəyi var. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Aİ qaz ehtiyaclarını ödəmək üçün Azərbaycan, Türkmənistan və Əlcəzairlə əlaqələrə xüsusi önəm verir: "RF "Cənub Axını" layihəsindən imtina etdikdən sonra Aİ-nin qaza ehtiyacı ciddiləşib. Amma RF-in "Cənub Axını" layihəsindən imtinası təkcə yeganə risk deyil. Aİ Xəzər-Qafqaz regionundan qaz aparmaq istəyirsə, regionun təhlükəsizliyinə xüsusi önəm verməlidir. Aİ Azərbaycan və Türkmənistandan qaz almaqla bağlı danışıqlara başlayanda bu regionda yeganə təhlükə mənbəyi Ermənistan və onun yaratdığı Dağlıq Qarabağ münaqişəsi idi. İndi ən azı belə ciddi təhlükələrin sayı 4-ə çatıb. Türkmənistanın təhlükəsizliyi əlavə resurs istəyir. Əfqanıstanda yerləşən talibançılar və eləcə də İŞİD Türkmənistanın siyasətinə təsir etmək səviyyəsində təhlükə yarada biliblər. Türkmənistan radikal islamçıların təhlükəsini aradan qaldırmaq üçün Qərbdən lazımi dəstəyi görməyəcəksə, Rusiyanın dəstəyinə möhtacdır. ABŞ-ın Türkmənistandakı səfiri A.Mastarad "İslam Dövlətinin" Türkmənistana təhlükə yaratdığı barədə məlumatının olmadığını bildirdi".

M.Əhmədoğlu hesab edir ki, Gürcüstan indi müstəqilliyini itirir: "Gürcüstanda hakimiyyətdə olan İvanişvili komandası Rusiyanın Gürcüstanın siyasətinə təsir etmək imkanlarını xeyli çoxaldıb. 2008-ci ildən bəri ilk dəfə Rusiyanın hərbi texnikası quru yolla Gürcüstanın ərazisinə daxil oldu və yəqin ki, bundan sonra da bu ərazidən tranzit kimi istifadə ediləcəkdir. Tranzit və ya başqa niyyətlə Rusiya hərbi texnikasının Gürcüstan ərazisinə daxil olması çox risklidir. Ən azı əhali bu hadisəyə sakitcə reaksiya verə bilməyəcək. Aİ və avrokomissarlar vaxtilə Dağlıq Qarabağ tənzimlənməsində düzgün kurs götürsəydilər, indi bəlkə də indi Gürcüstan təhlükə mənbəyinə çevrilməzdi. Gürcüstanın erməni təbliğatına uyması onu əməlli-başlı antiazərbaycan faktora çevirdi. Dağlıq Qarabağ tənzimlənməsində təkcə fəaliyyətsizliyi ilə deyil, həm də fəaliyyəti ilə antiazərbaycan, ermənipərəst mövqedə dayanmaqla Gürcüstan özünü regional təhlükənin mərkəzinə sürüklədi. RF Gürcüstan ərazisində istənilən xəritəni cıza bilər və burada Azərbaycana Dağlıq Qarabağ münaqişəsisinin tənzimlənməsi üçün də pay çata bilər. Gürcüstan ərazisindən torpaq götürən Ermənistan Rusiyanın təhriki ilə Dağlıq Qarabağı işğaldan azad edə bilər. Xəstə erməni təxəyyülünə görə, Gürcüstan ərazisi də tarixi erməni torpağıdır".

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi və Rusiyanın idarəçiliyində olan Ermənistan Qərbin regional, enerji maraqları prizmasından indi ayrı-ayrılıqda iki müstəqil təhlükə ocaqlarıdır: "Ona görə Avropa İttifaqı Qafqaz -Xəzər regionundan qaz almaqla bağlı layihələr reallaşdırmazdan əvvəl bu regiondakı risklərə, təhlükəsizliyə hədsiz ciddi təhdidlərə xüsusi diqqət verməlidir. Təhlükəsizlik məsələlərinin həlli üçün ortalığa konsepsiya qoymalı və bu konsepsiyanın reallaşmasına nail olmalıdır. İlk növbədə bu regionda təhlükəsizliyin ən birinci, ən əsas mənbəyi olan Ermənistanın cilovlanmağı barədə addımlar atılmalıdır. Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsindən böyük təhlükə yoxdur, ola da bilməz. Azərbaycan bütün təhlükələrini neytrallaşdırıb. Aİ və onun planları ətrafında təhlükələrin sayı artır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti