Azərbaycan, Bakı, 20 mart /Trend/
Ukrayna Prezidenti Petro Poroşenko türk həmkarı Rəcəb Tayyib Ərdoğanla Ukrayna şirkətlərinin Transanadolu qaz kəmərinin (TANAP) tikintisində iştirak imkanını müzakirə edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
P.Poroşenko Türkiyə Prezidenti ilə danışıqların yekunu üzrə bildirib: "Biz beynəlxalq qaz nəqli layihələrinin reallaşdırılması, xüsusən də Xəzər şelfinin və Mərkəzi Asiya ölkələrindən təbii qaz nəqli, yeraltı qaz anbarlarının tikintisi və Ukrayna yeraltı qaz anbarlarında qazın saxlanılması şərtləri üzrə təcrübə mübadiləsində marağımızı ifadə etdik".
O, əlavə edib ki, görüşdə Ukrayna şirkətlərinin TANAP boru kəmərinin tikintisində iştirak imkanı da müzakirə edilib.
Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.