Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Rufiz Hafizoğlu/
ABŞ dollarının türk lirəsinə nisbətdə məzənnəsinin artması Türkiyədə reallaşdırılan enerji layihələrinə təsir etmir. Bunu Trend-ə Türkiyə Baş nazirinin müavini Əli Babacan deyib.
Onun sözlərinə görə, Türkiyənin həyata keçirdiyi enerji layihələri uzunmüddətli xarakterə malikdir: "Türkiyədə dolların məzənnəsinin hər gün enib-qalxması enerji layihələri üçün riskli deyil".
Ə.Babacan qeyd edib ki, son günlər ABŞ-ın pul siyasəti ilə əlaqədar dolların bütün dünya valyutalarına nisbətdə məzənnəsinin artması müşahidə edilir: "Dollara nisbətdə valyutanın məzənnəsinin azalması təkcə Türkiyədə deyil, bir sıra inkişaf etməkdə olan ölkələrdə də müşahidə edilir".
O, əlavə edib ki, türk lirəsinə münasibətdə dolların məzənnəsinin belə artıb-azalması əvvəllər də Türkiyədə müşahidə edilib, lakin bazar həmişə sabitləşib.