...

PA-nın sektor müdiri: Turizm obyektlərində kadrların davranışları bizi qane etmir

Siyasət Materials 1 İyul 2015 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İlkin İzzət/

"Bizim regionlarda müasir standartlara cavab verən infrastrukturlarımız, turizm obyektlərimiz var. Bu obyektlər hər şeylə təmin olunub. Amma bəzən orada çalışan kadrların müəyyən davranışları bizi qane etmir".

Trend xəbər verir ki, bunu bu gün Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Vüsal Quliyev Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəzdində fəaliyyət göstərən "Etika Akademiyası" fərdi inkişaf mərkəzinin təşkil etdiyi "Etika Forumu - 2015" tədbirində deyib.

PA-nın sektor müdirinin fikrincə, bu məsələnin həllində dövlət və kommersiya qurumları sıx əməkdaşlıq etməlidir: "Arzu edərdik ki, onların davranışları maksimum dərəcədə yüksək səviyyədə, həmişə görmək istədiyimiz formada olsun. Bu təkcə "Etika Akdemiyası"nın işi deyil. Burada dövlət qurumları, müxtəlif kommersiya təşkilatları gənclərə dəstək olmalı və birgə əməkdaşlıq etməlidirlər".

V.Quliyev qeyd edib ki, bu baxımdan keçirilən Forumun ciddi əhəmiyyəti var: "Bu Forumun ciddi nəticələrini həm turizm obyektlərində, həm də QHT-lərdə və KİV-lərdə kadrların etik davranış kodeksinin mənimsənilməsində, eyni zamanda, gələcəkdə bu sahədə daha təkmilləşdirilmiş davranış qaydalarının istifadə edilməsində, müzakirələrin aparılmasında görə biləcəyik".

O, Forumun miqyasının genişləndirilməsini və regionları da əhatə etməsini arzuladığını qeyd edib.

Bununla bağlı "Etika Akademiyası"nın rəhbəri Günel İbrahim bildirib ki, bu ilin sonunda Azərbaycanda Regional Etika Forumu, gələn il isə Beynəlxalq Etika Forumu təşkil ediləcək.

Qeyd edək ki, Forumun əsas məqsədi vətəndaş cəmiyyətinin inkişafı, etik prinsiplərin hər sahədə yüksək səviyyədə təbliğinə diqqət yönəltmək və Milli Etiket Ensiklopediyası kitabının ərsəyə gəlməsinə dövlət qurumları, kommersiya və ictimai qurumların dəstəyini verməsidir.

Tədbirdə PA, Milli Məclis, dövlət qurumları, diplomatik korpus, QHT nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, kommersiya təşkilatlarının təmsilçiləri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti