...

Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi ilə bağlı fərman imzaladı

Siyasət Materials 15 İyul 2015 17:56
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi ilə bağlı fərman imzaladı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasında sahibkarların və əhalinin maliyyə-bank xidmətlərinə çıxışının təmin olunması və ölkənin bank sisteminin inkişafı daim diqqət mərkəzində olan məsələlərdəndir. Bazar iqtisadiyyatına keçid illərində bu sahədə islahatların dərinləşdirilməsi, kredit təşkilatlarının maliyyə vasitəçiliyi potensialının artırılması və rəqabətin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin də inkişafı, kapitallaşdırılması və maliyyə dayanıqlığının artırılması ilə bağlı çox iş görülmüşdür.

"Azərbaycan Beynəlxalq Bankı" ASC maliyyə göstəricilərinə görə ölkənin ən iri və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində, sahibkarlara kredit verilməsində mühüm rol oynayır. "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin maliyyə sabitliyinin qorunması, öhdəlik və hesablaşmalarının fasiləsiz icra edilməsi, xüsusilə 2008-2009-cu illərin qlobal maliyyə böhranının bankın maliyyə mövqeyinə mənfi təsirinin qarşısının alınması məqsədi ilə müvafiq dövlət orqanları tərəfindən banka davamlı dəstək göstərilmiş, onun kapitalı və likvidliyi tələb olunan səviyyədə saxlanılmış, bank yerli və xarici kreditorlar üçün etibarlı tərəfdaş olmuşdur.

Lakin son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olmuşdur. Ona görə də yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranmışdır.

Dövlət başçısı "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankı on beş gün müddətində "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra - "Aqrarkredit" QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər.

Müəyyən edilir ki, bu fərmanda nəzərdə tutulmuş aktivlərin "Aqrarkredit" QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının "Aqrarkredit" QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir; "Aqrarkredit" QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə alınır; "Aqrarkredit" QSC bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir:

- "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək;

- ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək;

- tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək;

- aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirmək.

Maliyyə Nazirliyinə "Aqrarkredit" QSC tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtlərinə dair Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmış təkliflərini on beş gün müddətində Azərbaycan Prezidentinə təqdim etmək; bu fərmanda nəzərdə tutulmuş vəzifələrin "Aqrarkredit" QSC tərəfindən yerinə yetirilməsinə nəzarəti təşkil etmək, İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə "Aqrarkredit" QSC tərəfindən alınan aktivlərin idarə edilməsi zamanı həmin aktivlər üzrə borc tələbi girov qoyulmuş əmlaka yönəldildiyi halda, həmin əmlakın istifadə istiqamətlərinin ölkə iqtisadiyyatının inkişaf prioritetləri ilə uzlaşdırılması üzrə tədbirlər görmək; "Azərbaycan Beynəlxalq Bankı" ASC-də dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, ümumi yığıncaqda İdarə Heyətinin tərkibinin yenidən formalaşdırılması, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması üçün təsirli tədbirlər görmək; restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Mərkəzi Bankının rəyləri nəzərə alınmaqla "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən cəlb edilmiş və ödəmə vaxtı keçmiş, o cümlədən bu fərmanın 1-ci hissəsi ilə "Aqrarkredit" QSC-nin idarəetməsinə verilmiş kredit vəsaitinin borcalanlar tərəfindən təyinatı üzrə istifadə edilməsi, "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərini araşdırmaq, aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün hüquq mühafizə orqanları ilə birlikdə tədbirlər görmək tapşırılıb.

Azərbaycan Mərkəzi Bankı bu fərmanın 2.1-ci bəndinə uyğun olaraq "Aqrarkredit" QSC tərəfindən emissiya edilmiş istiqrazların satın alınması və likvidliyi üzrə zəruri tədbirlər həyata keçirməli; "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin özəlləşdirməqabağı sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etməlidir.

Nazirlər Kabineti bu fərmanın 2.1-ci və 2.2-ci bəndlərinə uyğun olaraq "Aqrarkredit" QSC tərəfindən emissiya edilən istiqrazlara dövlət zəmanətinin verilməsini təmin edəcək; bu fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti