...

Mübariz Əhmədoğlu: Ermənistanın hər imtinası Rusiyanın daha sərt addımına səbəb olur

Siyasət Materials 18 Noyabr 2015 10:40 (UTC +04:00)
MDB məkanında S.Sərkisyandan başqa heç bir prezident açıq şəkildə V.Putinin təklifini rədd etməyib. Yalnız Ermənistan prezidenti Serj Sərkisyan belə addımlar atıb.
Mübariz Əhmədoğlu: Ermənistanın hər imtinası Rusiyanın daha sərt addımına səbəb olur

Bakı. Trend:

MDB məkanında S.Sərkisyandan başqa heç bir prezident açıq şəkildə V.Putinin təklifini rədd etməyib. Yalnız Ermənistan prezidenti Serj Sərkisyan belə addımlar atıb.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulmasına da indi RF reaksiya vermir: "Amma iki ölkə arasında imzalanmış müdafiə haqda müqavilənin və KTMT nizamnaməsinin tələbinə görə, RF reaksiya verməli idi. Ermənistana bu məsələdə RF-in siyasi dəstək verməməsinin əsas səbəbi S.Sərkisyanın V.Putini üzünə açıq və publik şəkildə inkar etməsidir. S.Sərkisyan bu inkarı ilə az qala presedent yaradacaqdı".

Politoloq qeyd edib ki, Rusiyanın Ermənistanın inkarçılığına qarşı addımını sərtləşdirməsinin digər əlamətləri də var: "R.Koçaryan prezident olarkən RF-in "Sibiravia" şirkətini yoxlamalarla, təzyiqlərlə müflisləşdirdi, Ermənistandan qovdu. Bu aviaşirkətin mülkünü dostu və yerlisi Mika Baqdasaryana verdi. M.Baqdasaryan bu mülklər əsasında Ermənistanın milli aviadaşıma şirkəti olan "Armavia" şirkətini yaratdı. Rusiya təxminən 10 il ötdükdən sonra vəziyyəti başa düşdü. "Armavia" şirkətini müflis vəziyyətinə çatdırdı, şirkət ləğv olundu".

Mərkəz rəhbəri sonra deyib ki, M.Baqdasaryan Ermənistana neft məhsullarının daşınmasını və ölkədə satılmasını öz monopoliyasına aldı: "Rusiya şirkətlərini də bu sferadan qovdu. Hətta neft məhsullarını RF-dən deyil, Rumıniyadan alırdı. RF bu sferanı da M.Baqdasaryanın əlindən aldı. İndi "Rosneft" həmin işlərlə məşğuldur. M.Baqdasaryan biznesmen kimi də sıradan çıxarıldı. Özünün rusiyapərəst olmasına Rusiyanı inandıra bilən eks-prezident R.Koçaryan indi o dərəcədə ifşa olunub ki, hətta RF ərazisindən tranzit kimi istifadə edə bilmir. Sonuncu dəfə Moskvada olduğu tarix də unudulub".

M.Əhmədoğlu vurğulayıb ki, S.Sərkisyan ABŞ-ın dəstəyi ilə Dünya Bankından kredit götürüb "ArmRosQazprom"da RF-in payını almağa başladı: "Kreml işin mahiyyətini başa düşən kimi dərhal bu şirkətdə Ermənistanın 40%-lik payını aldı. Əvəzində bir il müddətinə Ermənistana güzəştli qiymətlə qaz verdi. S.Sərkisyan AES tikməyi RF deyil, ABŞ şirkətlərinə tapşırdı. Danışıqlar gedən vaxtda RF Ermənistanda Qərblə birlikdə hibrid tipli AES tikməyi vəd etdi. RF Bolqarıstanda belə AES tikmişdir. Ermənistan RF-in bu təklifindən imtina etdi. ABŞ-ın "Varley Parsons" şirkəti ilə 497 milyon dollarlıq müqavilə imzaladı. RF-in "İnter RAO EES" şirkəti Metsamor AES-in idarəçiliyindən dərhal imtina etdi. İndi RF Ermənistan AES-nə ayırdığı kreditin üzərinə ciddi nəzarət qoyub".

Politoloq hesab edir ki, yeni AES-in tikintisində güzəştə getmək ideyasını ağlına gətirmir: "Türkiyədə, Ərəb və Latın Amerika dövlətlərində müştərək AES-lər tikən RF Ermənistanda yalnız bazar iqtisadiyyatı şərtləri ilə AES tikə bilər. RF Ermənistan ərazisində çar II Nikolayın büstünü qoymaq istəyirdi. Rəsmi Yerevan buna icazə vermədi. Çar II Nikolayın büstü Moskvada erməni Apostol kilsəsinin həyətində qoydu. Ermənilər çar II Nikolayı antierməni və erməni kilsəsinin düşməni kimi tanıyırlar. Ermənistanın Müdafiə naziri S.Ohanyan NATO Baş Katibinin müavini A.Verşbou ilə az qala şəxsi dost idi. A.Verşbou Rusiya ilə İŞİD bərabər tuturdu. İndi S.Ohanyan RF-in Müdafiə naziri S.Şoyqu ilə görüşə bilmir. Ermənistanın Rusiya qarşısında inkarçılığının əsas səbəbi Moskvadakı ermənilər və ermənipərəst ruslardır. Ermənistanın bütün antirusiya aksiyalarına K.Zatulindən tutmuş A.Areşevə qədər bir yığın rus eksperti daim dəstək veriblər. Ermənistanda rus dilinə qarşı kobud və təhqirli kampaniyalar aparılarkən də bu adamlar susdular. Hətta bəziləri (Modest Kolerov) S.Sərkisyanı müdafiə etdilər".

M.Əhmədoğlu qeyd edib ki, RF Xİ naziri S.Lavrov Yerevana son səfəri zamanı Rusiyanın Dağlıq Qarabağ tənzimləməsi üzrə öz variantını Ermənistana qəbul etdirə bilmədi: "RF-in Dağlıq Qarabağ variantı ilk növbədə onun özü üçün sərfəlidir. Keçmiş SSRİ-İran yolu işə düşməlidir. Bu isə Azərbaycan torpaqlarının işğaldan azad olunduğu halda mümkündür. Ona görə də RF daha çox səy göstərir. Eləcə də Yaxın Şərqdə gedən proseslərdə Rusiya ilə Azərbaycanın bir-birini qarşılıqlı tamamlayan siyasəti RF üçün çox vacibdir. Ona görə, RF Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasını Ermənistandan tələb edir. Bunun əvəzində Azərbaycan Rusiya ilə Ermənistan arasındakı kommunikasiyaların açılmasına şərait yaratmalıdır. Ermənistan isə bu variantdan imtina etdi. Rusiyanın Ermənistana münasibətinin indiki məntiqi ilə bu imtinaya yanaşsaq, Rusiya yaxın vaxtlarda Zəngəzurun Azərbaycana qaytarılması məsələsini aktuallaşdıra bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti