...

Musa Qasımlı: ABŞ-ın regionda siyasətini yürütməkdə Azərbaycana ehtiyacı var

Siyasət Materials 7 Yanvar 2016 18:46 (UTC +04:00)
Azərbaycan Respublikası nüvə dövləti olmadığı üçün əgər bu il Vaşinqtonda keçiriləcək IV Nüvə təhlükəsizliyi sammitinə dəvət olunmasaydı, təəccüblü bir şey olmazdı. Lakin ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəvət məktubu göndərməsinin dərin mənası vardır və təhlil tələb edir.
Musa Qasımlı: ABŞ-ın regionda siyasətini yürütməkdə Azərbaycana ehtiyacı var

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycan Respublikası nüvə dövləti olmadığı üçün bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunmasaydı, təəccüblü bir şey olmazdı. Lakin ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə dəvət məktubu göndərməsinin dərin mənası var və təhlil tələb edir". Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, bu, ilk növbədə onu göstərir ki, ABŞ Qafqaz və Xəzər regionunda Azərbaycan dövləti ilə əməkdaşlığa xüsusi önəm verir və Azərbaycan Respublikasını "kilid ölkə" olaraq qəbul edir: "Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq olmadan ABŞ bu regionda səmərəli fəaliyyət göstərə və istəyinə nail ola bilməz. Nüvə dövləti olmasa da, Azərbaycan Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq edir, beynəlxalq konvensiyalara qoşulub. Keçirilən bir çox beynəlxalq toplantılarda Azərbaycan tərəfi Araz çayına Ermənistandakı Metsamor AES-in tullantılarının atıldığına və bunun ekologiyaya böyük ziyan vurduğuna dair məsələləri daim gündəliyə gətirib və müvafiq sənədləri təqdim edib".

O bildirib ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və digər ərazilərində AES-in tullantıları basdırıla bilər: "Azərbaycan terrorçuluğa qarşı mübarizədə də ABŞ-ın həm fəal tərəfdaşıdır, həm müvafiq qanunlar qəbul edib, həm də beynəlxalq konvensiyalara qoşulub".

Deputatın sözlərinə görə, rəsmi Vaşinqtonun gərgin münasibətləri səbəbindən bəzi ölkələri sammitə dəvət etməməsi fonunda Azərbaycanın belə bir nüfuzlu toplantıda iştirak etməsi qətiyyən həmin dövlətlərə qarşı yönəlməyib: "Azərbaycanın ABŞ ilə əməkdaşlığı digər ölkələrin əleyhinə deyil. Bu dəvət ABŞ-Azərbaycan münasibətləri üzərinə kölgə salmaq istəyən qruplara, erməni lobbisi və diasporuna da bir cavabdır. Birləşmiş Ştatlar regionda siyasətini yürütməkdə Azərbaycana möhtacdır, Azərbaycan dövlətinin də ABŞ-a ehtiyacı var. Deməli, əməkdaşlıq hər iki tərəfin xeyrinədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti