...

Bahar Muradova: 2015-ci il Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından ən yaddaqalan il oldu

Siyasət Materials 12 Yanvar 2016 19:22 (UTC +04:00)
“Birmənalıdır ki, 2015-ci il Azərbaycanın beynəlxalq nüfuzunun, beynəlxalq aləmdə yerinin və rolunun artması və möhkəmlənməsi baxımından ən yaddaqalan bir il oldu”.
Bahar Muradova: 2015-ci il Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından ən yaddaqalan il oldu

Bakı. Elçin Mehdiyev - Trend:

"Birmənalıdır ki, 2015-ci il Azərbaycanın beynəlxalq nüfuzunun, beynəlxalq aləmdə yerinin və rolunun artması və möhkəmlənməsi baxımından ən yaddaqalan bir il oldu". Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirləri şərh edərkən deyib.

B.Muradova bildirib ki, 2015-ci ildə Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq əlaqələri genişlənib: "Azərbaycan beynəlxalq aləmdə mövcud proseslərə, dövlətlərin, millətlərin rastlaşdığı problemlərə, iqtisadi və siyasi böhranlara münasibətdə müsbət təsir göstərən tədbirlərin təşkilatçısı rolunda çıxış edib və bu məsələlərlə bağlı öz imkanlarından istifadə edərək münasibətini bildirib və öz töhfələrini verib".

Vitse-spiker qeyd edib ki, Azərbaycan həm regionun, həm də İslam dünyasının özünəməxsus qətiyyətli və müstəqil siyasət yürüdən ölkəsidir: "Azərbaycan həm siyasi-iqtisadi, həm də mədəni əlaqələr baxımından, ölkələr və xalqlar arasındakı münasibətlərin qardaşlığa, dostluğa, sülhə xidmət etməsi baxımından çox böyük töhfələr verib. Hesab edirəm ki, bizim xeyli imkanlarımız var ki, regionu, dünyanı, o cümlədən İslam dünyasını təhdid edən təhlükələrə qarşı mübarizə aparaq və sülhməramlı fəaliyyətimizi bundan sonra da davam etdirək".

B.Muradova vurğulayıb ki, Azərbaycanın multikultural mühiti dünyaya bir nümunədir və bu nümunənin digər ölkələr, o cümlədən İslam ölkələri tərəfindən mənimsənilməsi məqbuldur.

Vitse-spiker əlavə edib ki, ötən il ölkəmizdə ən yaddaqalan hadisələrdən bir də parlament seçkiləri oldu: "Bu seçkilər ərəfəsində və seçki kampaniyası keçirilən vaxt bizə qarşı qarayaxma kampaniyası başlamışdı. Lakin seçkini pozmaq, onun nəticələrini gözdən salmaq, legitimliyini şübhə altına almaq istiqamətində çoxsaylı cəhdlərə rəğmən Azərbaycan bu seçkiləri çox yüksək səviyyədə keçirdi və müşahidə edən beynəlxalq təşkilatlar və onların nümayəndələri də bu seçkilərin demokratik, azad və şəffaf keçirildiyini vurğuladı. Ən əsası, Azərbaycan xalqı, Azərbaycan vətəndaşları bu seçkini onların iradəsinin ifadəsi kimi qiymətləndirdilər və onların mövqeyi nəticəsində bu iradə ortaya qoyuldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti