...

Millət vəkili: Prezidentin nüvə sammitinə dəvət edilməsi ABŞ-Azərbaycan əlaqələrinin inkişafına töhfə verəcək

Siyasət Materials 30 Mart 2016 17:56 (UTC +04:00)
Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama tərəfindən Vaşiqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi ciddi hadisə kimi qiymətləndirilməlidir.
Millət vəkili: Prezidentin nüvə sammitinə dəvət edilməsi ABŞ-Azərbaycan əlaqələrinin inkişafına töhfə verəcək

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama tərəfindən Vaşiqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi ciddi hadisə kimi qiymətləndirilməlidir. Bunu Trend-ə açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

Millət vəkili bildirib ki, bu dəvət Azərbaycan dövlətinə və Azərbaycan Prezidentinə münasibətin ifadəsidir: "Azərbaycan dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün bütün gücünü, imkanlarını və potensialını qoyan bir ölkədir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycan regionda sülhün və təhlükəsizliyin təminatı kimi çıxış edir. Eyni zamanda beynəlxalq aləmdə də Azərbaycan bu baxımdan öz töhfələrini verməkdə davam edir".

F.Ağamalı qeyd edib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan nüvə daşıyıcılarının və beynəlxalq aləmi narahat edən zərərli avadanlıq və maddələrin daşınması üçün əlverişli yerdir: "Lakin Azərbaycan dövlətinin sərt mövqeyi nəticəsində məhz ölkə bu cür tranzit imkanlarını tamamilə məhdudlaşdırıb və Azərbaycan ərazisindən hər hansısa bir zərərli və təhlükəli maddələrin daşınması mümkün deyil. Bunun özü də ABŞ və sammit təşkilatçılarının diqqətindən yayınmır, bu məsələlərlə bağlı hesabatlarda Azərbaycanın adı müsbət hallanır. Bu da Azərbaycan üçün əhəmiyyətlidir".

Prezident İlham Əliyevin nüvə sammitinə dəvət olunmasının Azərbaycan üçün əhəmiyyətindən danışan millət vəkili bildirib ki, bu səfər ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin daha da inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti