...

Prezident İlham Əliyevin ABŞ-a səfəri - iki ölkə arasında əməkdaşlıqda yeni mərhələ

Siyasət Materials 1 Aprel 2016 11:28 (UTC +04:00)
Prezident İlham Əliyevin ABŞ-da keçirilən və dünya üçün mühüm əhəmiyyət kəsb edən IV Nüvə Təhlükəsizliyi Sammitinə ABŞ Prezidenti Barak Obama tərəfindən dəvət edilməsi Azərbaycanın xarici siyasətinin mühüm uğuru kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin ABŞ-a səfəri - iki ölkə arasında əməkdaşlıqda yeni mərhələ

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin ABŞ-da keçirilən və dünya üçün mühüm əhəmiyyət kəsb edən IV Nüvə Təhlükəsizliyi Sammitinə ABŞ Prezidenti Barak Obama tərəfindən dəvət edilməsi Azərbaycanın xarici siyasətinin mühüm uğuru kimi qiymətləndirilməlidir.

Azərbaycanın böyük güclərin də qatıldığı sammitdə iştirakı ölkəmizin dünyada nüfuz sahibi olması və təhlükəsizlik sahəsində etibarlı tərəfdaşa çevrilməsinin bariz bir nümunəsidir. Azərbaycan özü müharibə şəraitində olmasına baxmayaraq, daim dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində əlindən gələn dəstəyi göstərib. Xüsusən də, beynəlxalq antiterror koalisiyasında, o cümlədən Əfqanıstanda həyata keçirilən sülhməramlı missiyada fəal iştirak edir. Bununla yanaşı, Azərbaycan dünyada gedən münaqişələrlə bağlı ən yüksək tribunalardan daim öz qəti mövqeyini səsləndirib, haqqın tərəfində olduğunu bəyan edib və sülhün, təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb. Bütün bunlar ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunu və əhəmiyyətini xeyli dərəcədə artırıb.

Prezident İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması eyni zamanda, ABŞ ilə Azərbaycan arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürüdür.

Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı ABŞ dövlət katibi Con Kerri və digər yüksək rütbəli şəxslərlə görüşləri zaman ifadə olunan fikirlər, səmimiyyət ölkələr arasında qarşılıqlı etimad mühitinin və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu açıq göstərdi.

Con Kerri mətbuata bəyanatında mühüm mesajlar verdi və Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu yüksək qiymətləndirdi. Con Kerrinin bəyanatında Dağlıq Qarabağ münaqişəsinin nəhayət həll olunmasının vacibliyinin vurğulaması Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu bəyanat ATƏT-in Minsk qrupunun həmsədlərindən biri kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində aktivləşəcəyinə ümidlər yaradır.

Ümumilikdə Azərbaycan Prezidentinin səfəri göstərdi ki, Azərbaycanla ABŞ arasında fəal siyasi dialoq, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Bundan sonra ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf edəcəyini, iki ölkə arasında münasibətlərdə yeni bir mərhələnin başlanacağını əminliklə söyləmək olar.

Prezident İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və ABŞ rəsmiləri ilə keçirdiyi mühüm görüşlər eyni zamanda, erməni diasporunun və Azərbaycanı gözü götürməyən dairələrin indiyə qədər apardığı antiazərbaycan kampaniyasını yerə vurmuş oldu və onların bu günə qədər ölkəmizi nüfuzdan salmaq istiqamətində çəkdikləri bütün "əziyyət"lərini boşa çıxardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti