Bakı. Trend:
Ermənistan xarici işlər naziri yenə də öz ənənələrinə sadiq qalaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xarici işlər nazirləri səviyyəsində 8 dekabr 2016-cı il tarixində Hamburqda verdikləri bəyanatını təhrif etməkdən çəkinmir.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mmətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın KİV-ə açıqlamasını şərh edərkən bildirib:
"Ermənistan ictimaiyyətini aldatmaq üçün  yalnız daxili istehlaka ünvanlanmış bəyanatlarla çıxış edir. Ermənistan xarici işlər nazirinin özünün dediyi kimi, məhz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı əsasında məsələləri qiymətləndirmək lazımdır.
H.Hacıyev əlavə edib ki, həmsədrlərin bəyanatında silahlı  insidentlərin baş verməsi, güc tətbiq etmək və güc edərək hədələmək pislənir:
"Güc tətbiq etmək və ya güc tətbiq edərək hədələmək prinsipindən çox danışan Ermənistan tərəfi anlamalıdır ki, bu prinsipdən irəli gələn şərtlərin icra  edilməsi məsuliyyəti də bilavasitə Ermənistana aiddir. Hərbi güc tətbiq edərək Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq hədə doğuran tərəf də  məhz Ermənistandır. Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayana qədər Ermənistan Azərbaycana qarşı güc tətbiq etmək və güc tətbiq edərək  hədələmək kimi qeyri-qanuni fəaliyyətini həyata keçirir. İnsidentlərin baş verməsinin də səbəbi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur".
XİN rəsmisi bildirib ki, danışıqlar prosesində hər hansı irəliləyişin ola biləcəyini görən Ermənistan tərəfi həmişə təxribatlara  əl atır:
"2014-cü ilin sonunda prezidentlərin Paris görüşündən sonra Ermənistanın təhriki ilə baş vermiş helikopter insidenti və məlum aprel hadisələri bunun bariz  nümunələridir. Bu ilin aprelində cəbhədə vəziyyətin gərginləşməsi Ermənistanın təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisini vəhşicəsinə ağır  silahlardan atəşə tutması, Ermənistanın birbaşa hərbi avantürası və təxribatı nəticəsində baş verdi. Azərbaycan silahlı qüvvələri mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün əks-həmlə tədbirləri gördü. Ermənistanın bu əməlləri nəticəsində 6 nəfər  azərbaycanlı mülki şəxs, o cümlədən azyaşlı qız həlak oldu  və 33 nəfər yaralandı, şəxsi və dövlət mülkiyyətinə, məktəb və uçaq bağçalarına ciddi zərər dəydi. Hətta 5 aprel tarixində atəşkəs haqqında anlaşma əldə olunsa da, 26-27  aprel tarixində Ermənistan Ağdam və Tərtər istiqamətində mülki Azərbaycan əhalisini yenidən ağır artilleriya atəşinə tutdu. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, o cümlədən Azərbaycan hərbi qulluqçularına qarşı qeyri-insani davranışı beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə və digər  beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır".
O qeyd edib ki, 2009-2013-cü illərdə verilmiş Akvil,  Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarından sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri Hamburq bəyanatında münaqişənin həlli üzrə addımları yenidən sadalayaraq, bu sırada ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi  ətrafındakı ərazilərin işğaldan azad edilməsi və qaçqın və məcburi köçkünlərin geri qayıtmasının təmin olunması qeyd edirlər. Ermənistan xarici işlər naziri bilərəkdən bu məqamın üzərindən sükutla keçir:
"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin  bəyanatında Ermənistanın möhtəkirlik obyektinə çevirməyə  çalışdığı insidentlərin araşdırılması və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsinə də aydınlıq gətirilir.  Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, bəyanatda bu təkliflərin münaqişənin həlli üzrə danışıqların dərhal bərpa edilməsi ilə həyata keçirilməsi  qeyd olunur. Azərbaycan tərəfi bununla əlaqədar dəfələrlə bildirmişdi ki, insidentlərin araşdırılması mexanizmi münaqişənin həlli üzrə substantiv danışıqlarla  sinxronlaşdırılmalı və onun tərkib hissəsi olmalıdır. Ermənistan xarici işlər nazirinin istinad etdiyi 1994-1995-ci il atəşkəs rejiminə dair razılaşmaya  gəldikdə isə bu çərçivədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üzrə vaxt cədvəlinin olması barədə müddəanı qeyd etmək  lazımdır".
H.Hacıyev deyib ki, Ermənistan xarici işlər naziri Helsinki  Yekun Aktını və xalqların öz müqəddəratını təyin etmə  prinsipini yenə də təhrif edir:
"Onun yaddaşını təzələmək istərdik ki, xalqların öz müqəddəratını təyin etməsi  hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya  siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz. Helsinki Yekun Aktının 8-ci bəndində deyilir: “İştirakçı dövlətlər  xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək  hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və beynəlxalq hüququn müvafiq normalarına, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun  şəkildə fəaliyyət göstərəcəklər”. Eyni zamanda ATƏT-in Minsk Qrupunun  həmsədrlərinin bəyanatında mövcud işçi təkliflər əsasında davamlı sülhü təmin etmək üçün danışıqların aparılması qeyd olunur. Amma Ermənistan tərəfi substantiv danışıqlardan yayınmaq üçün  şərtlər və bəhanələr irəli sürür, görüşlərdən yayınır, Vyana və Sankt-Peterburq razılaşmalarına zərbə vurur, cəbhədə gərginlik yaradır, açıq şəkildə sülh prosesini pozmaq və status kvonu saxlamaq siyasəti yürüdür. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirmək, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişmək  cəhdlərini davam etdirməsi Ermənistan tərəfinin əsl niyyətini ortaya qoyur. Ona görə də ATƏT-in Minsk Qrupunun  həmsədrlərinin bəyanatının kimə ünvanlandığı və nəyi ehtiva etdiyi hamıya çox yaxşı məlumdur".