...

Deputat: Lapşinin ekstradisiyası sarkisyanlar, koçaryanlar, balayanlara xəbərdarlıqdır...

Siyasət Materials 10 Fevral 2017 16:51 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası tam qanunidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, A.Lapşin Azərbaycana qarşı törətdiyi cinayətlərə görə ekstradisiya edilib:

"Lapşin Azərbaycana ekstradisiya edilən kimi Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları dərhal Lapşinə baş çəkməyə gəlirlər, onunla maraqlanırlar. Rusiyanın Ermənistandakı səfiriliyinin əməkdaşları öz dədə-baba torpaqlarına gedən, yaxınlarının məzarını ziyarət etmək üçün Azərbaycan torpağı olan Qarabağa silahsız gedərkən saxlanılan Dilqəm Əsgərova bir dəfə də olsun niyə baş çəkməyib? Niyə bu vaxta qədər onun səhhəti, saxlanma şəraiti, taleyi ilə maraqlanmayıb? Aleksandr Lapşin iki ölkə ilə yanaşı, Rusiyanın da vətəndaşıdırsa, Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır. Bəs niyə Rusiyanı Dilqəmin taleyi maraqlandırmır?"

E.Məmmədov bildirib ki, A.Lapşinin həbs edilməsi Dağlıq Qarabağa qanunsuz səfərlər edən digər şəxsləri də narahat etdiyindən bu prosesi qanunsuz adlandırırlar:

"Lapşin tək deyil. Lapşin kimi bəzi ölkələrin vətəndaşları, hətta parlamentariləri də var ki, Dağlıq Qarabağ ərazisinə Azərbaycandan icazəsiz səfərlər ediblər. Onların arasında mədəniyyət işçiləri, media nümayəndələri də var. Onları da Lapşinin aqibəti gözləyir. Artıq onların da canına vəlvələ düşüb ki, nə vaxtsa "İnterpol" onları da hansısa ölkənin hava limanında saxlayacaq və Azərbaycana ekstradisiya olunacaqlar. Bu proses başlanğıc və bir xəbərdarlıqdır. Azərbaycan əhalisinə qarşı 1988-ci ildən bu günə qədər cinayət, soyqırımlar törətmiş sarkisyanlar, koçaryanlar, balayanlar və digərlərinə də bu bir xəbərdarlıqdır ki, tədricən onlar da Azərbaycan qanunları ilə mühakimə olunacaqlar".

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Bundan əvvəl Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər davam etdirilir. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi. Ötən gün A.Lapşin Bakıya gətirilib. Bundan əvvəl isə Belarus Ali Məhkəməsi tərəfindən bloqer A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərardan şikayəti rədd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti