Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanın "Dövlət sərhədi haqqında" və digər qanunlarını pozaraq Azərbaycan ərazisinə səfərlər etməklə kifayətlənməyib, separatçı rejimə dəstək verərək onun təbliği ilə məşğul olan bir şəxsin bir neçə ölkənin vətəndaşı olmasına rəğmən ekstradisiya edilməsi bu sahədə bu günə qədər pozucu mövqedə duran hər kəsə bir mesajdır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu proses, eyni zamanda, Azərbaycan dövlətinin Dağlıq Qarabağa münasibətdə bu cür qanun pozuntuları ilə müşayiət olunan hərəkətlərə qarşı qətiyyətli mövqeyinin məqsədyönlü nəticəsidir:
"Eləcə də Azərbaycan Prezidentinin həyata keçirdiyi işin müsbət nəticəsidir. Hesab edirəm ki, bu bir çəkindirici xarakter daşıyır; indiyə qədər bu cür hərəkətlərə yol verənlərin öz səhvini anlamasına və Azərbaycan hökumətinin müvafiq qurumlarına müraciət edərək belə bir yanlışlığa yol verdikləri üçün üzrxahlıq etməsinə də şərait yaradır. Eyni zamanda, bu işi təşkil edən Ermənistan hakimiyyəti və erməni lobbisinin hər cür yalançı təşviqatına uymamaq üçün digər ölkənin vətəndaşlarına da bir mesajdır. Hesab edirəm ki, hər kəs bundan dərs almalıdır".