...

Bakıda "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət Materials 3 Mart 2017 13:54 (UTC +04:00)
Bakıda "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib
Bakıda "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Martın 3-də Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin, Milli Məclisin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Prezident yanında Gənclər Fondunun rəhbər nümayəndələri, respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları və QHT-lərin təmsilçiləri, politoloqlar və ekspertlər, “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, ali və xüsusi təyinatlı təhsil müəssisələrinin tələbələri və kursantları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə sərgi salonunda DTX-nin Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların və yeniyetmələrin “Biz terrora yox deyirik!” mövzusunda rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə DQİDK-nın radikalizmə qarşı müvafiq təbliğat vasitələri də nümayiş etdirilir. Sərgi salonunda, həmçinin Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə diqqət və qayğısını əks etdirən film nümayiş olunub.

Konfrans Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirin moderatoru, Bakı Dövlət Universitetinin kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov bildirib ki, konfransın məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən fəal hüquq-mühafizə və təhlükəsizlik siyasətinin əsas istiqamətlərinə dair gənclərin ümumi məlumatlandırılması, şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyi əleyhinə yönəlmiş hədələrin, xüsusilə bütün təzahür formalarında terrorçuluğun, ekstremizmin və radikalizmin mahiyyəti, yaranma şəraiti, gerçəkləşdirilmə üsulları və onlardan qorunma yolları barədə maarifləndirmənin təşkilidir. Həmçinin dövlət təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınmasında ən səmərəli vasitə olan vətənpərvərlik, dövlətçilik amallarının, milli-mənəvi irsin, adət-ənənələrin aşılanması, dini dözümlülük və tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi ruhunda gənc nəslin tərbiyə olunması, eləcə də ölkə gənclərinin aparıcı nümayəndələri, müxtəlif dövlət və ictimai təşkilatların təmsilçiləri ilə terrorçuluq, ekstremizm və radikalizmə qarşı effektiv mübarizə mexanizmlərinin yaradılması istiqamətində birgə səyləri müzakirə etmək, ayrı-ayrı qurumların səylərinin birləşdirilməsi, fəaliyyətinin əlaqələndirilməsi də konfransın məqsədləri arasındadır.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev dünyanı təhdid edən terrorizm, ekstremizm və radikalizmlə mübarizənin Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, hazırda bölgədə, xüsusən Yaxın Şərq ölkələrində, o cümlədən qardaş Türkiyədə cərəyan edən terrorçuluq, dini radikalizm, ekstremizm, separatçılıq və digər mühüm hədələr Azərbaycan üçün də ciddi təhlükə təşkil edir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyev “Terror, ekstremizm və radikalizm ilə mübarizədə KİV-in rolu və vəzifələri” mövzusunda məruzə ilə çıxış edərək konfransın olduqca aktual məsələyə həsr olunduğunu diqqətə çatdırıb. O, dünyada mürəkkəb proseslərin cərəyan etdiyini, yeni hərbi qarşıdurmaların davam etdiyi bir şəraitdə münaqişə vəziyyətində yaşamasına baxmayaraq, Azərbaycanın sabitlik və inkişaf nümunəsinin beynəlxalq səviyyədə örnək kimi qəbul olunduğunu bildirib. Qeyd edib ki, bunun əsas səbəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə praqmatik siyasətin həyata keçirilməsi və bu kursun xalq tərəfindən dəstəklənməsidir.

Təhsil nazirinin müavini Firudin Qurbanov “Təhsil - terrora, ekstremizmə və radikalizmə qarşı mübarizədə ən effektiv vasitə kimi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, ekstremizm və terrorizm bu gün baş verdiyi ölkənin vətəndaşları ilə yanaşı, dünyanın hər yerində bütün insanları narahat edir. XX əsrin əvvəllərində terrorizmin, radikalizmin və ekstremizmin bir sıra ölkələrdə ciddi təhdid yaratdığını vurğulayan nazir müavini bunun Azərbaycan üçün də təhlükə təşkil etdiyini qeyd edib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev “Dövlətin gənclər siyasəti. Terror, ekstremizm və radikalizm ilə mübarizə kontekstində” mövzusunda məruzəsində dünyada müxtəlif - milli, dini zəmində, dövlətlərin konstitusion quruluşlarına qarşı, eləcə də dövlət səviyyəsində həyata keçirilən formalarda təzahür edən terrorçuluğun son illərdə bəşəriyyəti təhdid edən ciddi təhlükəyə çevrildiyini bildirib. Ekstremizmin, radikalizmin və terrorçuluğun Azərbaycan dövləti üçün də ciddi təhdid olduğunu qeyd edən İ.Babayev ölkəmizin müvafiq qurumlarının bu sahəni diqqət mərkəzində saxladığını qeyd edib.

Sonra Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, DTX-nin şöbə rəisi Suad Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, “Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları” İctimai Birliyinin sədri Şamil Süleymanov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Xələf və başqaları məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti