...

"L’Opinione”: Azərbaycan İsraillə yaxın əlaqələrə malik azsaylı müsəlman ölkələrindəndir

Siyasət Materials 13 Aprel 2017 17:02 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın “L’Opinione” qəzetində italiyalı tədqiqatçılar Ciorcia Pilar və Domeniko Letizianın müəllifi olduğu “Azərbaycan və İsrail: iqtisadi əməkdaşlıq və multikulturalizm arasında” adlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə Azərbaycanın müxtəlif millətlər və dinlərin sülh içində birgə yaşama nümunəsi olduğu, Azərbaycanda müxtəlif dini qruplara məxsus fərdlərin etiqad azadlığının konstitusiya ilə qorunduğu, bu istiqamətdə Azərbaycan hökumətinin apardığı siyasət barədə danışılır.

Əhalisinin mütləq əksəriyyətinin müsəlman olduğu Azərbaycanın, eyni zamanda xristianlığın ən qədim məskənlərindən olduğunu, ölkədə xristian və yəhudi icmalarının da yaşadığını və Azərbaycan dedikdə tolerantlıq və müxtəlif inancların qarşılıqlı hörmətinin başa düşüldüyü bildirilir. Bunun bariz nümunəsinin kimi Azərbaycan və İsrail arasında siyasi, iqtisadi və xalqlararası münasibətlərdən danışan müəlliflər bildirirlər ki, Azərbaycan İsraillə yaxın əlaqələrə malik azsaylı müsəlman ölkələrindən biridir və burada yəhudi icması cəmiyyətin ayrılmaz tərkib hissəsidir.

Məqalədə İsrail baş naziri Benyamin Netanyahunun ötən ilin sonlarında Azərbaycana səfəri, səfər vaxtı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşü barədə danışılır, hər iki ölkə liderlərinin Azərbaycan-İsrail əməkdaşlığı və Azərbaycanda müsəlman və yəhudilərin sülh içində birgə yaşamasının dünyaya nümunə olması barədə fikirlərinə istinad olunur. Məqalədə, habelə yəhudi icmasının Azərbaycandakı həyatı, ölkəmizin paytaxtında və digər şəhərlərində çoxsaylı sinaqoqların, məktəblərin fəaliyyət göstərdiyi, Azərbaycan-İsrail əməkdaşlığının müxtəlif sahələri, o cümlədən enerji, yüksək texnologiyalar, müdafiə, təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı sahələrini əhatə etdiyi, iki ölkə arasında iqtisadi sahədə önəmli razılaşmaların əldə olunduğu, İsrailin Azərbaycan neftinin ən böyük alıcılarından olduğu və bu ölkənin neft təchizatının 40 faizinin Azərbaycanın payına düşdüyü, habelə İsrailin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində fəal iştirak etdiyindən də danışılır.

Müəlliflər məqalənin sonunda qeyd edirlər ki, əsası 90-ci illərdən qoyulmuş Azərbaycan-İsrail münasibətləri bu gün siyasi və iqtisadi sahələrdə yüksək hüdudlar əldə edib və iki ölkəni bir-birinə bağlayan önəmli qarşılıqlı maraqlar növbəti illərdə əlaqələrin daha da inkişafına zəmin yaradır.

Xəbər lenti

Xəbər lenti