Bakı. Trend:
Heydər Əliyev Mərkəzi mütəmadi olaraq paytaxt sakinləri və qonaqlar üçün Azərbaycan tarixini və mədəni irsini öyrənmək, təbliğ etmək istiqamətlərində bir sıra layihələr həyata keçirib. Burada müxtəlif sahələri əhatə edən həm ölkə əhəmiyyətli, həm də beynəlxalq konfrans, forum və digər tədbirlər təşkil olunub. Eyni zamanda, mədəniyyət və incəsənət sahəsində həyata keçirilən layihələrə xüsusi diqqət yetirilir.
Trend-in məlumatına görə, bunu Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu gün Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi” mövzusunda keçirilən elmi-praktik seminarda deyib.
O bildirib ki, Mərkəzdəki bir sıra tədbirlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə həyata keçirilir. Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey də fəaliyyət göstərir. Burada müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin zəngin fəaliyyəti haqqında məlumatlar verilir.
A.Ələkbərov qeyd edib ki, Mərkəz Heydər Əliyev irsinin dərindən öyrənilməsi və gənc nəsilə çatdırılması, gənclərin tarixi keçmişinə bağlılığı, vətənpərvər ruhda böyüməsi ilə bağlı Heydər Əliyev məktəblərinin yaradılmasına başlayıb. Layihə çərçivəsində Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev İdarəçilik Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyev və Mədəniyyət və İncəsənət Məktəbi, Masallı rayon "Asan xidmət" mərkəzində Heydər Əliyev və İncəsənət Məktəbi yaradılıb. Heydər Əliyev gənc yaşlarından xüsusi xidmət orqanlarında çalışıb, Azərbaycan sərhədlərini qarış-qarış gəzib, Milli Sərhəd Strategiyasını yaradıb.
Qeyd edək ki, “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsinə 2014-cü il dekabrın 10-da start verilib. Mütəmadi olaraq müxtəlif mövzularda təşkil olunan seminarlar Heydər Əliyev irsinin yaşadılması, ümummilli liderin Azərbaycanın ayrı-ayrı sahələrdə inkişafındakı rolunun öyrənilməsi, gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətlidir.
Seminarda mühazirə ilə çıxış edən Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev bildirib ki, Azərbaycan Sərhəd Mühafizəsinin yaranması, formalaşması və müasir səviyyəyə yüksəlməsi bilavasitə ümummilli liderin adı ilə bağlıdır. “Müstəqil dövlətimiz əsrlər boyu yaşayacaqdır. Nə qədər yaşayacaqsa, o qədər də onun sərhədləri olacaq və o qədər də sərhədləri qorumaq lazım olacaqdır”, – deyən ulu öndər hər zaman Azərbaycan sərhədçilərini xidməti qələbələrə ruhlandırıb.
E.Quliyev bildirib ki, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstəqillik illərində əldə olunmuş nailiyyətlərin əsasını Heydər Əliyevin XX əsrin 60-cı illərindən başlayan ardıcıl fəaliyyəti təşkil edir:
"Heydər Əliyev SSRİ dönəmində sərhəd mühafizəsi və hərbçi kadrların hazırlanması məsələlərinə xüsusilə həssas yanaşıb. Bu münasibətin Azərbaycanın müstəqilliyinə hesablanmış uzaqgörənlikdən qaynaqlanması da bir həqiqətdir. Tarixə nəzər salaq – SSRİ dövründə silahlı qüvvələrdə, Sərhəd Qoşunlarında milli kadrların xidməti inkişafına qeyri-rəsmi məhdudiyyətlər yaradıldığı bir dövrdə Dövlət Təhlükəsizliyi Komitəsi kimi qapalı bir qurumun tərkibində olan Sərhəd Qoşunlarında azərbaycanlı zabitlərin xidməti inkişafına ulu öndər tərəfindən xüsusi diqqət yetirilib, yüksək vəzifələrə irəli çəkilmələri təmin olunub. Belə ki, 1967-ci ilə qədər milliyyətcə azərbaycanlı olan sərhədçilər sırasında yalnız 1 nəfər – Mustafa Nəsirov “polkovnik” rütbəsində olduğu halda, artıq 70-ci illərin sonunda bu rəqəm 10-a çatmışdı. O dövrdə Heydər Əliyevin gələcəyə hesablanmış qərarlarından biri də SSRİ Sərhəd Qoşunlarının Zaqafqaziyada ayrıca əməliyyat qoşun hissəsinin Bakıda yaradılması olub”.
E.Quliyev vurğulayıb ki, milli silahlı qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının peşəkar zabit heyəti ilə komplektləşdirilməsinə ünvanlanmış müstəsna əhəmiyyətli addımlardan biri də 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması olub. Azərbaycanlıların hərbi peşələrə yiyələnməsini təmin etmək, milli hərbi kadrlar yetişdirmək məqsədilə təsis edilmiş, yaradıldığı gündən minlərlə hərbçi hazırlamış, SSRİ dönəmində ittifaqın hər yerində qeyri-rəsmi olaraq “Heydər Əliyev məktəbi” kimi tanınan bu təhsil ocağının milli ordu quruculuğunda danılmaz xidmətləri var.
E.Quliyev bildirib ki, ümummilli liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışından sonra bütün sahələrdə olduğu kimi Sərhəd Qoşunlarında da mühüm islahatlar dövrü başlandı. İlk vaxtlar təcrübəsizlik, ixtisaslı zabitlərin çatışmazlığı çətinliklər yaratsa da, mülki həyatdan gəlmiş zabit və gizirlər sərhədçi peşəsinə yiyələndilər. Ali Baş Komandanın çağırışı ilə sərhədçilərin böyük bir hissəsi könüllü olaraq torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərə yollandı. Sərhədçilərdən ibarət xüsusi təyinatlı tabor Ağdərə istiqamətində mərdliklə vuruşdu.
E.Quliyev bildirib ki, müstəqillik yollarında uğurla addımlayan dövlətimizə qarşı yönəlmiş dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında da Azərbaycan sərhədçiləri Ali Baş Komandana və hərbi anda sadiqlik nümayiş etdirdilər:
“Milli Sərhəd Qoşunlarının əsasən formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində görülmüş tədbirlər nəticəsində Rusiya Federasiyası və Gürcüstan ilə dövlət sərhədində Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələri yaradıldı, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və qoşunların maddi-texniki təminatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmağa başlanıldı. Dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının yaradılması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradıldı. Həmin dövrdə dahi öndərin siyasi məharəti və qətiyyətli mövqeyi nəticəsində MDB-nin xarici sərhədlərinin birgə qorunması adı altında əcnəbi sərhəd mühafizə qüvvələrinin ölkə ərazisində yenidən yerləşdirilməsinin qarşısı alındı və Azərbaycanın öz sərhədlərini müstəqil qorumağa qadir olması hamıya nümayiş etdirildi”.
General-polkovnik xatırladıb ki, Heydər Əliyev 2002-ci ilin iyul ayının 31-də Azərbaycan Respublikasının Prezidentinə birbaşa tabe olan, daha çevik və effektiv dövlət orqanının - Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzalayıb:
“Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət Sərhəd Xidmətinə yeni vəzifələr tapşırılıb və sərhəd təhlükəsizliyinin təminatı məsələləri ən yüksək səviyyədə həll olunmağa başlandı”.
E.Quliyev bildirib ki, bu gün Azərbaycan Sərhəd Mühafizəsi şəxsi heyətinin peşəkarlığına, silah və hərbi texnika ilə təchizatına, ən əsası isə xidməti fəaliyyətin göstəricilərinə görə təkcə regionda deyil, Avropa miqyasında aparıcı mövqelərə çıxıb:
"Bu nailiyyət - müəllifi dahi öndər olan milli sərhəd təhlükəsizliyi strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında həyata keçirilməsinin real nəticəsidir".
Qeyd edək ki, elmi-praktik seminarı canlı videobağlantı (telekörpü) vasitəsilə Heydər Əliyev Mərkəzinin Masallı rayonu “ASAN Həyat” kompleksi nəzdində yaratdığı Heydər Əliyev İncəsənət Məktəbində cənub regionunun fəal gəncləri də izləyiblər.