...

Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir

Siyasət Materials 21 Avqust 2017 08:30 (UTC +04:00)
Bu gün Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir.
Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir.

Trend-in məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum avqustun 24-dək davam edəcək.

Forumun işində Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq Prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin iştirak edəcək.

Foruma bir sıra digər nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da dəvət olunub. Həmçinin tədbirə dünyanın 80-ə yaxın aparıcı gənc lider və tədqiqatçısının, dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının qatılması gözlənilir.

Toplantı çərçivəsində keçirilən panel iclasları və qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.

Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti