Bakı. Ləman Zeynalova - Trend:
ABŞ Azərbaycanı beynəlxalq terrorizmlə mübarizədə mühüm tərəfdaş hesab edir.
Trend-in məlumatına görə, bunu ABŞ müdafiə nazirininin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper deyib:
"Səfərimin məqsədi Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi yollarını müzakirə etməkdir. ABŞ Azərbaycanı beynəlxalq terrorizmlə mübarizədə mühüm tərəfdaş hesab edir. Biz eyni zamanda Azərbaycan hərbçilərinin Əfqanıstanda NATO-nun əməliyyatlarında iştirakını da yüksək qiymətləndiririk".
L.Kuper qeyd edib ki, Azərbaycana ilk dəfədir gəlir:
"Ancaq istərdim ki, Azərbaycana belə səfərlərimi və strateji tərəfdaşlığın, müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müzakirələri davam etdirim".
L.Kuperin sözlərinə görə, səfəri çərçivəsində Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası və Dövlət Sərhəd Xidmətində səmərəli görüşlər keçirib.
Azərbaycanda işçi səfərdə olan L.Kuper bu gün müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyevlə görüşüb.
Görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.