...

Deputat: Rusiya işğalçı Ermənistanı silahlandırmaqdan çəkinməlidir

Siyasət Materials 17 Oktyabr 2017 15:09 (UTC +04:00)
Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi işğalçı Ermənistana əvəzsiz və yaxud kredit hesabına silah verməli deyil.
Deputat: Rusiya işğalçı Ermənistanı silahlandırmaqdan çəkinməlidir

Bak. Elçin Mehdiyev – Trend:

Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi işğalçı Ermənistana əvəzsiz və yaxud kredit hesabına silah verməli deyil.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, bu məsələyə iki nöqteyi-nəzərdən yanaşmaq lazımdır: “Rusiya istənilən ölkəyə silah sata və istənilən ölkədən silah ala bilər. Ancaq söhbət ondan gedir ki, Azərbaycan öz vəsaiti hesabına Rusiyadan və ya digər ölkədən silah alır. Rusiya Azərbaycana əvəzsiz olaraq və yaxud da ki, Rusiyanın hesabına silah vermir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bir tərəfin həddən artıq silahlanmasına yol verməməli və neytrallığını saxlamalıdır. Rusiya Minsk qrupunun həmsədri kimi Ermənistana əvəzsiz və yaxud da kredit hesabına silah verməli deyil. Bu, əlbəttə onun neytral olmasına şübhə doğurur və Azərbaycan ictimayyətində ciddi narazılıq yaranır. Suallar meydana çıxır - neçə olur ki, Rusiya öz vəsaiti hesabına münaqişə tərəfi olan, Azərbaycan ərazilərini işğal etmiş ölkəni silahlandırır? Bu, qətiyyən yolverilməz haldır və hesab edirəm ki, Rusiyada da bunu ciddi şəkildə anlayırlar”.

Deputat vurğulayıb ki, Azərbaycanı narahat edən odur ki, Rusiya öz hesabına işğalçı dövləti müasir silahlarla silahlandırır: “Bu da işğalçını işğalı davam etdirməyə, sülh danışıqlarını pozmağa həvəsləndirir. Bu baxımdan hesab edirik ki, Rusiya bu addımlardan çəkinməlidir”.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti