...

Avstraliya Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bəyanat səsləndirilib

Siyasət Materials 30 May 2018 15:43 (UTC +04:00)
Kreq Kelli Avstraliya Parlamentində çıxış edərək bu ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olduğunu bildirib.
Avstraliya Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bəyanat səsləndirilib

Bakı. Trend:

Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kreq Kelli Avstraliya Parlamentində çıxış edərək bu ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olduğunu bildirib.

Azərbaycanın Avstraliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, deputat 1918-ci ildə yaranan Cümhuriyyətin müsəlman dünyasında ilk parlament demokratiyası olduğunu diqqətə çatdırıb.

K.Kelli demokratik respublikanın ömrünün qısa olmasını təəssüflə qeyd edərək, onun sovet ordusunun işğalı nəticəsində süquta uğradığını bildirib. Deputat Azərbaycanın 70 ildən çox keçmiş Sovet İttifaqının tərkibində qaldığını söyləyib. Avstraliya Parlamenti deputatı əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın bütün ölkələrlə yaxşı münasibətlərinin olduğunu qeyd edib. K.Kelli Azərbaycanda qadınların hüquqlarının tam şəkildə təmin olunduğunu diqqətə çatdıraraq, ölkəmizin dünyəvi prinsiplər əsasında inkişaf etdirildiyini bildirib. O, ölkəmizə etdiyi səfərlər ilə bağlı xatirələrini bölüşərək, Azərbaycanın, o cümlədən Bakı şəhərinin nail olduğu iqtisadi inkişafa heyran olduğunu vurğulayıb.

Avstraliyalı deputat mühüm geosiyasi məkanda yerləşən Azərbaycanda demokratiya və iqtisadiyyatın bundan sonra da davamlı inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlar regiondakı digər dövlətlər üçün nümunə olmalıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan deputat, münaqişənin qarşılıqlı dialoq və BMT-nin müvafiq sənədləri əsasında həll olunmasının vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti