...

Azərbaycan-Əlcəzair parlamentlərarası dostluq qrupunun yaradılması təklif edilir

Siyasət Materials 21 İyun 2018 16:32 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Əlcəzair nümayəndə heyəti iyunun 21-də Milli Məclisdə olub.
Azərbaycan-Əlcəzair parlamentlərarası dostluq qrupunun yaradılması təklif edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Əlcəzair nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində bu gün Milli Məclisdə olub.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, görüşdə parlament sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycan ilə Əlcəzair arasında münasibətlər müsbət dinamikada inkişaf edir.

Z.Əsgərov vurğulayıb ki, Azərbaycan tərəfi bu münasibətlərin dərinləşməsində maraqlıdır: “Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlığı var. Əlcəzair nümayəndə heyətinin ölkəmizə səfəri dövlətlərarası münasibətlərin dərinləşməsi üçün gözəl təşəbbüsdür”.

Görüşdə Z.Əsgərov həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirib ki, bu gün Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün var: “Bu münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır. Əlcəzair hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqq səsini müdafiə edib və istərdik ki, bundan sonra da bu səyləri artırsın”.

Əlcəzairin ədliyyə naziri Tayeb Louh isə bildirib ki, ölkələrimiz arasındakı münasibətlər inkişaf edir:

“İkitərəfli münasibətlərin inkişafı məqsədilə iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu gün isə ikinci müqaviləni imzaladıq. Əlaqələrin inkişaf etdirilməsinə hər iki ölkənin rəhbərləri böyük diqqət göstərirlər. Hər iki tərəf parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinə də maraq göstərir. Azərbaycan-Əlcəzair parlamentlərarası dostluq qrupunun yaradılmasına dair təklif irəli sürəcəyəm. Bu da hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin qurulmasında yardımçı olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti