...

Azərbaycanla Uruqvay saziş imzalayacaq (FOTO)

Siyasət Materials 1 May 2019 17:35 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlərin təkbətək görüşündən sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Danışıqlar zamanı tərəflər iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd ediblər.

E.Məmmədyarov uruqvaylı həmkarını səmimi salamlayaraq, onun ölkəmizə rəsmi səfər etməsini yüksək dəyərləndirib və hal-hazırda Azərbaycanla Uruqvay arasında münasibətlərin genişlənməsi mərhələsinin müşahidə edildiyini bildirib.

Rodolfo Nin Novoa Prezident İlham Əliyev tərəfindən qəbul olunduğundan və Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyindən məmnunluğunu ifadə edib. O, ölkələr, xalqlar arasında xoş məramlı təmasların vacibliyini vurğuladı və Uruqvayın məhz bu mövqedən çıxış edərək artıq 200 il ərzində davamlı şəkildə dünya ölkələrinin suverenliyi və ərazi bütüvlüyünə hörmətlə yanaşdığını, bu mövqeyə daim sadiq qaldığını bəyan edib.

Uruqvaylı nazir Azərbaycanı dost ölkə adlandıraraq, ikitərəfli münasibətlərin kifayət qədər geniş iqtisadi gündəmə malik olduğunu söylədi. Buna misal olaraq o, ötən ilin nəticələrinə dair Azərbaycanın Uruqvaya ən çox neft ixrac edən 5 ölkə sırasında olduğunu yada saldı. Eyni zamanda, onun ölkəsinin Azərbaycanla kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair maraqlı olduğunu bildirən R.Nin Novoa ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasının genişləndiyini qeyd edib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Uruqvayın nümayiş etdirdiyi prinsipial mövqeyinə görə təşəkkürünü ifadə edib. Münaqişənin beyləlxalq hüququn norma və prinsiplərinə əsasən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnaməyə uyğun bir şəkildə həll olunmasının önəmini vurğuladı və Uruqvay tərəfinin bəyan etdiyi rəsmi mövqeyinin bununla eyni olduğunu razılıqla qeyd edib.

İkitərəfli əlaqələrin müqavilə-hüquq bazasına toxunan nazir Elmar Məmmədyarov iqtisadi, ticarət və humanitar əməkdaşlığın təşviqi üçün daha münbit şərait yaradan bir sıra saziş layihələrinin hal-hazırda baxılmaqda olduğunu və Rodolfo Nin Novoanın hazırkı səfəri çərçivəsində Azərbaycan və Uruqvay Hökumətləri arasında "İqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş"in imzalanacağını məmnuniyyətlə səsləndirib.

E.Məmmədyarov Azərbaycan-Uruqvay parlamentlərarası təmaslarının genişləndirilməsinin vacibliyini qeyd edərək, həmin əlaqələrin də qarşılıqlı faydalı əməkdaşlığın mühum istiqamətlərindən biri olduğunu vurğulayıb.

Görüş əsnasında həmçinin, ikitərəfli və çoxtərəfli gündəliyə aid digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti