...

Müstəqil Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkliyidir (FOTO)

Siyasət Materials 3 May 2019 17:47 (UTC +04:00)
Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirilib.
Müstəqil Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkliyidir (FOTO)

Bakı. Trend:

Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir iştirakçıları öncə ümummilli liderin təşkilatın foyesindəki büstü önünə qızıl gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

Sonra akt zalında davam edən tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması ölkəmizdə bir ənənəyə çevrilib.

Ümummilli Liderin doğum gününün belə əhval-ruhiyyə ilə qeyd olunması ümumilikdə xalqımızın dövlətə, dövlətçiliyimizə hörmət və ehtiramının bariz ifadələrindən biridir. Bununla Azərbaycan xalqı ölkəmizin həyatında və tarixində müstəsna xidmətlər göstərmiş Ümummilli Liderimizin rolunu, uğurlu tarixi missiyasını dəyərləndirir, ona hörmət və ehtiramını bildirir.

H.Mirələmov bildirib ki, tarixdə şəxsiyyət amili xalqların, dövlətlərin inkişafında əhəmiyyətli rol oynayır. Hər bir xalq lideri ilə tanınır. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünkü uğurlarımız üçün möhkəm baza yaradan ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tarxində böyük rolu vardır. Onun hər addımı ölkəmizin inkişaf tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb.

Millət vəkili bu məqamı da xüsusi qeyd edib ki, tarix şəxsiyyətləri yetişdirir. Amma elə şəxsiyyətlər də var ki, onlar tarix yaradır. Ulu öndər Heydər Əliyev və son 15 ildə onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tarix yaradan şəxsiyyətlərdir. Ümummilli Liderin şah əsəri olan müstəqil Azərbaycan bu gün cənab İlham Əliyevin təkmil islahatları ilə ən yüksək zirvələri fəth edir.

YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinin hər birimizin həyatında önəmini xüsusi vurğuladı. Bildirdi ki, bu illər Azərbaycanın tarixinə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur duya biləcəyi uğurları yazıb. O uğurları ki, bu gün ölkəmiz həmin təməl üzərində daha da möhkəmlənir, qüdrətlənir, yeni-yeni hədəflərə doğru inamla addımlayır.

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünü paralel şəkildə təhlil edərək bildirdi ki, hər iki dövr Azərbaycanı inkişaf etdirmək, imzasını imzalar arasında görmək istəyinin nümayişi ilə xarakterizə olunur. Ümummilli Lider hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil görmək istəyini atdığı addımları ilə təsdiqləyirdi. Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, həmçinin C.Naxçıvanski adına hərbi liseyin yaradılması və s. kimi mühüm addımlar bu günümüz üçün möhkəm təməl rolunu oynamışdır.

YAP Siyasi Şurasının üzvü Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günümüzə qədər uzanan davamlı inkişaf yolunu geniş şərh edərək bildirdi ki, böyük şəxsiyyətlərin doğum günü olur, amma ölüm günü olmur. Onların ideyaları daim dövlətin, xalqın qarşısında yeni-yeni üfüqlər açır. Dahi şəxsiyyət Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır.

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının bugünkü uğurlarından bəhs edərək bildirdi ki, bu gün Azərbaycan etibarlı tərəfdaş, dünyanın enerji təhlükəsizliyinin təminatçısı, təşşəbbüsləri gerçəkliyə çevirən, ən əsası qitələri birləşdirən, dialoq mərkəzi kimi nüfuz qazanan ölkə kimi tanınır.

Diqqəti Azərbaycanın bu gün ev sahibliyi etdiyi V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yönəldən YAP Siyasi Şurasının üzvü bildirdi ki, bu kimi tədbirlər ölkəmizə hörmətin və etimadın göstəricisidir. Bu gün gözlərimiz önündə bütün dünyaya yeniləşmə, müasirləşmə nümunəsi göstərən Azərbaycan vardır.

«Ulu öndər Heydər Əliyevin bütövlükdə həyatı, fəaliyyəti, ideyaları bir məktəbdir. Bu məktəb bu gün də davam edir, Azərbaycanın davamlı inkişafına xidmət göstərir» söyləyən Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova bildirdi ki, Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas edib inkişaf, tərəqqi yoluna çıxaran ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından saatlarla, günlərlə danışmaq olar. Vətəninə, xalqına bağlı olan Heydər Əliyevin bütün soydaşlarımızı bir amal- azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağırışı bu gün hər birimizin fəaliyyətinin əsasını təşkil edir. Bu gün fəxr hissi ilə qeyd edirik ki, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar öz ölkələrinin təbliğatçısıdır, davamlı inkişafımıza töhfə vermək üçün ciddi səylər göstərirlər.

S.Orucova təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin təhsilin inkişafı istiqamətində atdığı addımların miqyasının genişliyindən və hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam edirilməsindən geniş bəhs etdi. Bildirdi ki, Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir, bu yol ölkəmizə daha möhtəşəm uğurlar vəd edir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, illər keçdikcə, yeni ab-hava formalaşdıqca, biri-birindən əhəmiyyətli işlər görüldükcə daha dərindən dərk olunur ki, bu uğurların təməlində dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş siyasəti dayanır. Son 15 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyev fəlsəfəsinin, Azərbaycanı inkişafa aparan strategiyanın düsturunu dünyaya təqdim edir. Ölkəmizin iqtisadi uğurları davamlıdır. Daxili siyasətimizin davamı kimi dəyərləndirilən xarici siyasət uğurlarımızın miqyası genişdir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi müstəqillik tarixində uğurlarımızın, ən əsası haqqa, ədalətə söykənən mövqeyimizə verilən dəyərin göstəricisidir.

S.Seyidov bildirdi ki, ulu öndər Heydər Əliyevin tezisləri sırasında «Azərbaycan dünyaya gunəş kimi doğacaq» fikri əsas yer tuturdu. Ümummilli Liderin uzaqgörənliklə qeyd etdiyi bu fikir təbii ki, həyata keçirilən siyasətin önündə dövlət maraqlarının dayanmasına əsaslanırdı. Azərbaycan Ulu Öndərin gələcəyə hesablanmış siyasəti nəticəsində çox qısa zamanda dünya birliyinin layiqli üzvünə çevrildi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan sözünün imzası qədər gücü, qüdrəti vardır. Bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilən Azərbaycan ev sahibliyi etdiyi tədbirlər vasitəsilə reallıqlarını dünyaya çatdırır. Bu gün bu mühüm uğurumuzu da xüsusi qeyd edirik ki, dünyanın yeni xarici siyasəti Azərbaycanda müzakirə olunur. Bu, Heydər Əliyev siyasətinin nəticəsidir.

Çıxışlarda vurğulandı ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin, xalqının qarşısındakı xidmətlərinin miqyası genişdir, arxada qalan hər il bu xidmətlərdə yeni-yeni məqamların açıqlanmasına yardımçı olur. Məhz bu fonda dahi şəxsiyyət Heydər Əliyevin bu fikri daim xatırlanır: «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Tədbirdə YAP sıralarına yeni daxil olanlara partiyanın üzvlük vəsiqəsi təqdim olundu.

Sonda dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirildi. Filmdə də qeyd olunduğu kimi, nə qədər ki müstəqil Azərbaycan dövləti var, Heydər Əliyev ürəklərdə yaşayaycaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti