...

Dövlət başçısı bütün ölçü parametrləri üzrə ölkəmizin Ermənistanı böyük fərqlərlə üstələdiyinə hamını inandırdı - Aydın Quliyev

Siyasət Materials 14 Yanvar 2020 14:57 (UTC +04:00)
Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni, biznes və beynəlxalq inteqrasiya müstəvisində çox uğurlu inkişaf yolu keçdiyi bütün dünyaya bir daha nümayiş etdirildi
Dövlət başçısı bütün ölçü parametrləri üzrə ölkəmizin Ermənistanı böyük fərqlərlə üstələdiyinə hamını inandırdı - Aydın Quliyev

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanla Ermənistanı müqayisə etməsi müasir, inkişaf etmiş ölkələrə xas olan bütün ölçü parametrləri üzrə ölkəmizin Ermənistanı böyük fərqlərlə üstələdiyinə hamını inandırdı.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, müşavirədə Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni, biznes və beynəlxalq inteqrasiya müstəvisində çox uğurlu inkişaf yolu keçdiyi bütün dünyaya bir daha nümayiş etdirildi: "Prezident iki ölkənin inkişafını və tənəzzülünü o qədər çoxsaylı və dəqiq faktlarla əsaslandırdı ki, onları təkrar etmək yox, ifadə etdiyi məzmuna diqqət yetirmək kifayətdir. Saysız parametrlərin hər biri üzrə iki ölkənin fərqi bəzən hətta 10 dəfədən çox olmaqla Azərbaycanın xeyrinədir. Azərbaycan prezidentinin gətirdiyi müqayisəli rəqəmlər Azərbaycanın yüksək, Ermənistanın isə utancgətirən aşağı vəziyyətdə olduğunu xarakterizə edir.

Prezident İlham Əliyev Ermənistanın həqiqi vətənpərvər qüvvələrinə bu ölkənin nə qədər miskin vəziyyətdə olduğuna dair samballı düşüncə materialları verdi. İlham Əliyevin Azərbaycanı və Ermənistanı faktlarla müqayisə etməsi Ermənistanda hələ uzun müddət iqtidar və müxalifət ideoloqları tərəfindən müzakirə olunacaq. Dövlət başçısının məntiqli və faktoloji müqayisəsinin Ermənistanda keçmiş və indiki hakimiyyətlər əleyhinə yeni böyük etiraz dalğası doğuracağı şübhəsizdir".

A.Quliyev qeyd edib ki, Azərbaycan Prezidentinin "Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır" fikri bu ölkənin daxili və beynəlxalq vəziyyətinə dəyişdirici təsir gücünə malik strateji xarakterlidir: "Prezident İlham Əliyev Ermənistanın bir dövlət kimi tənəzzülü və Azərbaycandan çox geridə qalmasını bu ölkənin təcavüz və davakar siyasəti ilə klassik şəkildə əlaqələndirə bildi. Dünya bir daha gördü ki, hətta işğala məruz qaldığı şəraitdə də Azərbaycan stabil inkişaf gücünə malik olduğu halda, Ermənistan təcavüzkar siyasət apardıqca onun daha dərin iflasa gedəcəyi qaçılmaz olacaq. Əminəm ki, indiyə qədər Ermənistanın özündə onun Azərbaycanla müqayisədə bu qədər rüsvayçı geriliyini sübut edən çoxsaylı faktlar bir arada təqdim edilməmişdi. Azərbaycan Prezidenti ermənilərin içində yaşadığı fəlakətləri onların özünə çox təsirli səviyyədə göstərdi. Ermənistan əhalisi Prezident İlham Əliyevin faktlarından sonra Paşinyan kimi rəhbərlərin onları illərlə necə aldatdıqlarına bir daha əmin olacaq. Paşinyanın bir neçə gün əvvəl guya Ermənistanın ÜDM səviyyəsinə görə Azərbaycandan üstün olması barədə Dünya Bankının adından uydurduğu yalan ölkənin öz içində ifşa olunandan sonra o, növbəti sarsıdıcı zərbəni Azərbaycandan aldı".

Ekspert vurğulayıb ki, ermənilər özlərinə hörmət qoysa, onları bu günə salan və böhranı daha da dərinləşdirən hakimiyyəti yıxmaq üçün ayağa qalxar, əslində, bu perspektiv istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti