...

Mais Səfərli: Koronavirusla mübarizənin ən yaxşı əlacı "evdə qal, sağlam ol" çağırışına əməl etməkdir

Siyasət Materials 30 Mart 2020 15:15 (UTC +04:00)
Koronavirusla mübarizənin ən yaxşı əlacı "evdə qal, sağlam ol" çağırışına əməl etməkdir.
Mais Səfərli: Koronavirusla mübarizənin ən yaxşı əlacı "evdə qal, sağlam ol" çağırışına əməl etməkdir

Bakı. Ceyhun Ələkbərov – Trend:

Koronavirusla mübarizənin ən yaxşı əlacı "evdə qal, sağlam ol" çağırışına əməl etməkdir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə koronavirusla mübarizədə Prezident İlham Əliyevin qəbul etdiyi mühüm qərarlar əsasında görülən çevik, operativ və qabaqlayıcı tədbirlərin, profilaktik təbliğat, maarifləndirmə işinin ciddi nəticələri göz qabağındadır. Məhz bu cür effektiv və səmərəli fəaliyyətin nəticəsində ölkəmizdə pandemik şərait müşahidə olunmur:

“Səhiyyəmizin imkanları sürətlə genişləndirilir, xəstə çarpayılarının sayı durmadan artırılır. Bu günlərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışında iştirak etdikləri 550 yerlik müasir tibb ocağı fəaliyyətə koronavirusa yoluxmuş pasiyentlərin müalicəsindən başlayıb. Karantinə alınmış vətəndaşlarımız bu gün hər cür dövlət qayğısı ilə əhatə olunub. Onların əksəriyyəti lüks hotellərdə yerləşdirilib, dövlət hesabına qida və digər vasitələrlə təmin ediliblər. Bir sözlə, dövlətimiz bu ağır gündə hər bir vətəndaşın yanındadır, hər şey dövlət başçısının nəzarətindədir”.

M.Səfərli qeyd edib ki, bütün bunlarla yanaşı, virusa yoluxanların statistikası bizi narahat etməyə bilməz:

“Aparılan təhlillər göstərir ki, yeni yoluxma faktları əsasən bir sıra insanların sosial izolyasiya tələblərinə, sanitar gigiyena qaydalarına, rəsmi karantin tədbirlərinə əməl etməmələri ilə bağlıdır. Mən insanları diqqətli olmağa çağırıram, dövlətin tətbiq etdiyi bütün şərtlərə əməl etməyi xahiş edirəm. Bizim hər birimizin məsuliyyətsizliyimizi təkcə özümüzün deyil, bütün yaxınlarımızın, doğmalarımızın həyatını təhlükəyə ata bilər. Koronavirusa qarşı hələlik dərman vasitəsi tapılmayıb, lakin bu gün üçün onunla mübarizənin ən yaxşı əlacı "evdə qal, sağlam ol" çağırışlarına əməl etməkdir. Mən hər kəsi bu çağırışı yerinə yetirməyə, dövlətimizə dəstək olmağa çağırıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti