...

Sevil Mikayılova: Azərbaycan dövləti hər cür təhdidə çevik reaksiya vermək gücündə olduğunu bir daha göstərdi (VİDEO)

Siyasət Materials 13 Aprel 2020 17:58 (UTC +04:00)
Sevil Mikayılova: Azərbaycan dövləti hər cür təhdidə çevik reaksiya vermək gücündə olduğunu bir daha göstərdi (VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan dövləti istənilən anda hər cür təhdidə çevik reaksiya vermək gücündə olduğunu bir daha sübut etdi.

Bunu Trend İnformasiya Agentliyinin "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə müsahibəsində Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı bir daha Azərbaycan iqtisadiyyatının dayanıqlı və istənilən vəziyyətə hazırlıqlı olduğunu nümayiş etdirdi:

"Koronavirusun dünyanı təşvişə saldığı bir vaxtda ölkəmizdə belə bir vacib müəssisənin qısa bir müddət ərzində fəaliyyətə başlaması onu göstərdi ki, Azərbaycanın iqtisadi infrastrukturu istənilən təhdidlərə və fövqəladə hallara tam şəkildə hazırdır və çevik transformasiya etmək, həmçinin istənilən istehsalata başlamaq imkanlarına malikdir. Əhali bir daha əmin oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman vətəndaşın rifahını, sağlamlığını, səhhətini öndə tutur və istənilən anda dövlət bu cür təhdidlərə çevik reaksiya vermək gücündədir. Bizim iqtisadi infrastrukturumuz buna imkan verir, çünki uzun illər ərzində Azərbaycan iqtisadiyyatı böyük inkişaf yolu keçib. Əlbəttə ki, belə bir zəruri müəssisənin qısa zaman ərzində işə düşməsi indiyə qədər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gedən iqtisadi inkişafın nəticəsində mümkün oldu. Bu, bir günün içərisində baş vermədi, uzun illər idi ki, iqtisadiyyatımızın qorunması və inkişaf etməsi istiqamətində mühüm işlər görülürdü”.

S.Mikayılova qeyd edib ki, Azərbaycanda davam edən iqtisadi inkişaf prosesi uzun illərdir ki, nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Davos Forumu, Dünya Bankı tərəfindən yüksək qiymətləndirilir:

“Beynəlxalq təşkilatlar həmişə Azərbaycan iqtisadiyyatının güclü və dayanıqlı iqtisadiyyat olduğunu qeyd edirdilər. Bu gün bir daha sübut olundu ki, iqtisadiyyatımız bizi qorumağa tam şəkildə hazırdır”.

Koronavirusla mübarizədə mühüm əhəmiyyət kəsb edən test müayinələrinin sayına görə ölkəmizin dünyada ön sıralarda olması məsələsinə toxunan millət vəkili vurğulayıb ki, bu gün biz geriyə baxıb deyə bilərik ki, görülmüş tədbirlərin nəticəsidir ki, Azərbaycanda yoluxma halları yüksək deyil:

"Görülən tədbirlər nəticəsində virusun geniş yayılmasının qarşısını almaq mümkün olub və ölüm sayı da aşağı səviyyədədir. Dövlətin gördüyü işlər, eyni zamanda hadisələrin gələcək inkişafını qabaqlayır. Azərbaycan az ölkələrdən idi ki, yeni müasir laboratoriyalar aldı və istifadə etməyə başladı. Bu gün, eyni zamanda Azərbaycan testlərdən istifadə edir. Ümumdünya Səhiyyə Təşkilatının məruzəsində də qeyd olunurdu ki, Azərbaycan müayinə sayına görə bir çox ölkələri, o cümlədən bir sıra Avropa ölkələrini geridə qoyur. Bu müayinələr həmin xəstələri vaxtında aşkar etməyə və onları izolyasiya edərək başqalarını da yoluxdurmağın qarşısını almağa imkan verib”.

Deputat, həmçinin pandemiya dövründə dövət tərəfindən sosial paketin və sahibkarlara dəstəyin həyata keçirilməsi haqqında danışıb. O vurğulayıb ki, Azərbaycan dövləti vətəndaşın yanında olduğunu sübut etdi və insanların az təsirə məruz qalması üçün bu cür sosial paketi cəmiyyətə təqdim etdi:

“İşləməyən əhalimiz dövlətdən dəstək alacaq, eyni zamanda sahibkarlıq subyektləri də dövlətdən maliyyə yardımı alacaq, pensiyalar vaxtından əvvəl veriləcək. Yəni insanları narahat edən məsələlərdə dövlət müvafiq addımlar atıb və atmaqda davam edir. Eyni zamanda cənab Prezident İlham Əliyev dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumlar əfv edilməsi ilə bağlı sərəncam imzaladı. Bu, misli görünməyən bir humanizmdir. Yəni, belə bir dönəmdə də cənab Prezident İlham Əliyev hər bir vətəndaşın sağlamlığını diqqətdə saxlayır. Bu addım cəmiyyətimizdə çox böyük rəğbət hissi ilə qarşılandı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti