Bakı. Trend:
“Azərbaycan Prezidenti dünyada baş verən prosesləri çox yaxından izləyən və proseslərdə birbaşa iştirak edən nadir siyasi liderlərdəndir”.
Trend-in “sherg.az” saytına istinadən verdiyi məlumata görə, bunu “Resurs” Analitik İnformasiya Mərkəzinin sədri, siyasi ekspert Rasim Quliyev deyib.
Analitik bildirib ki, dövlət başçısı İlham Əliyev həddindən artıq praqmatik siyasətçidir:
“Qarabağ məsələsində üstünlük Azərbaycanın tərəfində olsa da faktiki olaraq, torpaqlarımız işğal altındadır. Lakin 2016-cı il aprel döyüşlərindən sonra Azərbaycanın bütün rəqibləri real hərbi gücümüzü gördü və situasiya dəyişdi. Hüquqi müstəvidə Azərbaycan irəlidədir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Eyni zamanda, hərbi müstəvidə də üstünlük bizim tərəfdədir. Burada yalnız siyasi vəziyyət qalır. Bu da təbii ki, sadəcə Azərbaycanın istəyindən asılı deyil. Prosesdə toqquşan siyasi maraqlar, çarpaz siyasi xəttlər var.
Cənab Prezident bu yaxınlarda bir daha vurğuladı ki, uyğun zamanda və real siyasi vəziyyətdə Azərbaycan son sözünü deyəcək və torpaqlarımızı heç kimə güzəştə getməyəcəyik. Dövlət başçısının siyasi müstəvidə açıq siyasi hücumu son illər daha da şiddətlənib. Xatırlayırsızsa, Rusiyadakı Valday Diskussiya Klubunda cənab Prezident Ermənistanı nokauta saldı. Daha sonra MDB Sammitində münaqişə ilə bağlı açıq mövqeyini bildirdi. Almaniyada Münhen konfransında Ermənistan rəhbərliyini teledebatda məbluğ elədi. Dövlət başçısı dünya ictimaiyyətinə sübut etdi ki, Azərbaycan Qarabağ münaqişəsində həm güclü, həm də haqlı tərəfdir. Ölkə rəhbəri bütün parametrlərə görə Azərbaycanın üstünlüyünü göstərdi”.
R.Quliyevin sözlərinə görə, əsas məsələ ölkə rəhbərinin açıq siyasi mübarizədə ciddi çəkildə önə çıxmasıdır:
“Biz göz önündəki əsas düşmən kimi Ermənistanı görürük. Ancaq özümüzü heç vaxt zəif düşmənlə müqayisə etmirik. Bütün parametrlərə görə, Azərbaycan Ermənistandan qat-qat üstündür. Bizim rəqiblərimiz Ermənistanı bizə qalxan edib, arxasında duran güclərdir. Son dönəmlər ardıcıl siyasi rəqabətdə Azərbaycanın hücumları göz önündədir. Prezidentimiz dünyada baş verənləri çox diqqətlə izləyir və lazım olan anda prinsipial mövqeyimizi ortaya qoyur. Sadəcə uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!”.