...

Samvel Babayanın qondarma rejimin "Təhlükəsizlik Şurası"na rəhbər təyin edilməsi Ermənistanın terror dövləti olduğunu bir daha təsdiq edir - Politoloq

Siyasət Materials 20 İyun 2020 13:14 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Samvel Babayan adlı hərbi cinayətkarın işğal altındakı Dağlıq Qarabağda yaradılmış qondarma rejimin "Təhlükəsizlik Şurası"na rəhbər təyin edilməsi Ermənistanın terror dövləti olduğunu bir daha təsdiq edir.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, ümumiyyətlə müharibə canilərinin, terrorçuların qəhrəmanlaşdırılması Ermənistanın dövlət siyasətinin əsas komponentlərindən birini təşkil edir:

"Konkret olaraq, Samvel Babayana gəldikdə isə biz onu Qarabağ müharibəsində törətdiyi cinayətkar əməlləri ilə tanıyırıq. Xankəndi şəhərində anadan olan Samvel Babayan, 1988-ci ildən etibarən Dağlıq Qarabağın Ermənistana birləşməsini tələb edən separatçı "Miatsum" hərəkatının fəal iştirakçılarından olub. Görünür, "Qarabağ Ermənistandır" kimi səfeh bir çağırışla çıxış edən Paşinyanın kadr seçiminin fəlsəfəsində də işğalçı zehniyyət dayanır.

Samvel Babayan 90-cı illərdə beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hərbi fəaliyyətlərdə aktiv iştirak edib. Müharibə illərində Azərbaycan vətəndaşları olan mülki əhalinin, o cümlədən torpaqlarımızın müdafiəsini təmin edən hərbi qüvvələrimizin öldürülməsinə birbaşa rəhbərlik edib. Sadaladıqlarımdan da anlaşıldığı kimi müharibə canisi olan Samvel Babayanın qondarma rejimdə yüksək vəzifəyə təyini Ermənistanın regionda sülh və əmin-amanlığa xidmət etməyən destruktiv siyasət apardığını bir daha təsdiq edir.

Samvel Babayan kimi tarixin qara səhifələrində həkk olunan hərbi cinayətkarın və separatçının siyasi arenaya geri qaytarılması, həm də qarşı tərəfin münaqişənin həlli ilə bağlı niyyətini ortaya qoymuş olur. Bəlli oldu ki, Ermənistan dövləti öz mahiyyətini zərrə qədər də olsun dəyişməyib və bu ölkənin Dağlıq Qarabağla bağlı istənilən addımının arxasında işğal faktını legitimləşdirmək məqsədi dayanır.

Bu mənfur niyyəti ilə özünü bütün dünyaya rüsvay edən işğalçı ölkə anlamalıdır ki, nə qondarma seçkilər, nə bu istiqamətdə həyata keçirilən “siyasi aktivlik” nəticə verməyəcək. Münaqişə yalnız və yalnız beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. 2020-ci ilin 11 iyunda Avropa Parlamentində qəbul edilən sənəd Ermənistanın işğalçılıq siyasətinin bütün dünya ictimaiyyəti tərəfindən tanınmadığını bir daha sübut etdi".

Politoloqun sözlərinə görə, beynəlxalq hüquq onu tələb edir ki, Dağlıq Qarabağda törətdiyi müharibə cinayətlərinə görə Samvel Babayan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, cinayət məsuliyyətinə cəlb olunmalı və eyni zamanda beynəlxalq ədalət məhkəməsində də cavab verməlidir:

"Bir daha xatırladıram ki, azərbaycanlıların öldürülməsinə rəhbərlik edən şəxsin qondarma Dağlıq Qarabağ Respublikasında vəzifəyə təyin edilməsi, erməni tərəfinin status-kvonun qorunmasında maraqlı olduğunu göstərir. Qondarma “Dağlıq Qarabağ” rejimi ilə iş görmək, əməkdaşlıq etmək niyyətində olanlar gələcəkdə bu fəaliyyətə görə mütləq şəkildə cavab verəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti