...

Bəhruz Quliyev: Biz özümüz karantin qaydalarını pozan məsuliyyətsizləri qınamalıyıq

Siyasət Materials 4 İyul 2020 14:57 (UTC +04:00)
Bəhruz Quliyev: Biz özümüz karantin qaydalarını pozan məsuliyyətsizləri qınamalıyıq

Bakı. Samir Əli - Trend:

Dünyada COVİD-19 infeksiyası yayılmağa başladığı ilk dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk günlərdən başlayaraq Azərbaycan hakimiyyəti çevik və bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atıldı.

Bu sözləri Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Qurum rəhbərinin sözlərinə görə, dövlət üzərinə düşən bütün vəzifələri həyata keçirib və indi əsas məsuliyyət bilavastə vətəndaşların üzərindədir: “COVID-19-la mübarizədə qəbul olunmuş kriteriyalar və əsas faktorlar artıq bir neçə aydır ki, mətbuat və televiziyalar vasitəsi ilə təbliğ olunub və bu gün də həmin təbliğatlar vətəndaşlara təqdim edilməkdədir. O cümlədən, dövlətimizin başçısı İlham Əliyev buna qədərki çıxşılarında da insanları həmrəy olmağa, məsuliyyətli davranmağa, virus infeksiyasına qarşı birgə mübarizə aparmağa dəvət edib. O cümlədən, dövlətin hazırkı dövrə qədər gördüyü işlərin, həyata keçirilən ardıcıl layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayan ölkəmizin rəhbəri Azərbaycan xalqının bu sınaqdan da əzmlə, qalib çıxacağını vurğulayıb. Çünki dövlət, bu məsələdə ən incə detallara qədər varıb, o cümlədən, preventiv addımlarını atıb.

Baxın, virus yeni yayılmağa başlayarkən artıq səhiyyə sistemində təxirəsalınmaz işlər həyata keçirildi. Bu gün COVİD-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı xəstəxanalar müəyyən edildi və qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən “Yeni Klinika” koronavirus xəstələrinin ixtiyarına verildi. Bölgələri də əhatə etməklə ölkədə 2000 çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına başlandı və onlardan 5-i artıq istifadəyə verilib. Ən müasir standartlara cavab verən laboratoriyalar alındı və qısa müddətdə onların sayı 26-ya çatdırıldı. Bütün tibb müəssisələrinin texniki təminatı, xüsusi avadanlıqların, dərman preparatlarının, testlərin alınması və ölkəyə gətirilməsi təmin edildi. 20 mindən artıq vətəndaşımızın ölkəyə qaytarılması təmin edildi, 4-5 ulduzlu otellərdə karantin təşkil olundu. Bütün bunların köklü məqsədi dövlətin, Prezidentin xalqın sağlamlığını qorumaq, bu təhlükədən ən az itkilərlə çıxmaqdan ibarət idi. Amma etiraf edək ki, bu zəhmətlərin qarşılığı olaraq, vətəndaşlarımız da məsuliyyətli davranmalı, görülən işlərin kölgədə qalmaması üçün tələb olunan qaydalara, tətbiq edilən karantin rejiminə əməl etməlidirlər. Bu gün hər birimiz anlamalıyıq ki, dövlət daim vətəndaşının yanında olub, bundan sonra da olacaq”.

Baş redaktor bildirib ki, əgər Prezident İlham Əliyev dəfələrlə vətəndaşlara qoruyucu maska taxmağı, sosial məsafə saxlamağı, tez-tez əlləri yumağı, gigiyena qaydalarına ciddi əməl etməyi tövsiyə edirsə, özünün də bu tələblərə riayət etdiyini vurğulayırsa, demək hər birimiz bu tövsiyələri diqqətə almalı, xüsusilə vətəndaşlıq məsuliyyətindən çıxış edib, ətrafımızdakılara da bunları aşılamalıyıq: “Hətta kimlərsə məsuliyyətsiz davranırsa, bunun üçün müvafiq strukturlardan əlavə, özümüz də məsuliyyətsizləri qınamalıyıq. Mən əllərimi bir dəfə yumasam, heç nə olmayacaq, beş dəqiqəlik maskasız çölə çıxsam, heç nə olmaz, sosial məsafəni saxlamasam, bir şey olmaz kimi laqeydlik hamımıza ziyan vurur. Buna hər birimiz əməl etsək, problem tez həll olunacaq. Artıq hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər, ailələr var, biz onların necə böyük problemlə üzləşdiklərini görürük. Bu, hər birimizin məsuliyyətli davranış nümayiş etdirməsi, birlik, həmrəyliyimizi daha da gücləndirmək üçün siqnal olmalıdır. Əks halda, Azərbaycan İtaliya, İspaniya, ABŞ və s. ölkələrdə baş vermiş insan tələfatları, ağır fəsad faktları ilə qarşı-qarşıya qalmalı olacaq. Təsəvvürünüzə gətirin ki, insanlar yollardaca həyatlarını itirəcək, təhlükə kabusu hər an hər birimizin başının üzərinə ala biləcək. Bu dəhşətləri yaşamamaq üçün məhz dövlət başçımızın tapşırıqlarına, tövsiyələrinə diqqət yetirməliyik. Hətta deyərdim ki, sağlam sabahımız məhz bu günümüzün məsuliyyətindən asılıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti