...

Sevil Mikayılova: Ətrafdan öz qeyri-qanuni əməllərinə adekvat sərt reaksiya görmədikcə Ermənistan hakimiyyəti daha da azğınlaşır

Siyasət Materials 1 Sentyabr 2020 14:59 (UTC +04:00)
Sevil Mikayılova: Ətrafdan öz qeyri-qanuni əməllərinə adekvat sərt reaksiya görmədikcə Ermənistan hakimiyyəti daha da azğınlaşır

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi əslində işğalçının öz qeyri-qanuni əməllərinə haqq qazandırmaq niyyətindən qaynaqlanır.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Paşinyanın Dağlıq Qarabağ ərazisində “hərbi obyektlərə” baş çəkməsi, “orduda” şəraitlə maraqlanması və hərbçilərlə görüşməsi vəziyyətə nəzarət imitasiyası kimi görüntü yaratmaq məqsədi daşıyır:

“Əslində isə, hədəf son dövrlər uğursuzluq sindromu yaşayan ordudakı çatışmazlıqları ört-basdır etmək, erməni əsgərlərinin qorxaq və cılız imicini dəyişmək, eləcə də silahlı qüvvələri növbəti məkrli planlara hazırlamaqdır.

Eyni zamanda, Dağlıq Qarabağ ərazisində qanunazidd əməlləri davam etdirərək buradakı təbii sərvətlərə yiyələnmək, biznes imkanlarını genişləndirmək istəyi də ortadadır. Sirr deyil ki, Ermənistanın baş naziri və onun ailə üzvlərinin adı dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret qaçaqmalçılığında hallanır. Biznes mafiyası quraraq böyük sərvət qazanmaq yönündə səylər göstərilir və bu yolda bütün maneələr amansızlıqla aradan qaldırılır".

S.Mikayılova qeyd edib ki, Paşinyanın bölgədə sülhə və təhlükəsizliyə təhdid yaradan əməlləri beynəlxalq birlik tərəfindən pislənilməli, işğalı qanuniləşdirməyə yönəlmiş addımları qınanmalıdır:

"Azərbaycan-Ermənistan sərhədindəki son təxribatdan sonra Paşinyanın Ermənistan ordusunun əsgər və zabitlərini xüsusi olaraq təltif etməsi hər iki tərəfdən insan ölümünə bais olan cinayəti əslində boynuna almaqdan başqa bir şey deyil. Digər ölkənin sərhədinə təcavüz bynəlxalq cinayətdir və Paşinyanın bunu dərk etməsi lazımdır. Məsələ burasındadır ki, ətrafdan öz qeyri-qanuni əməllərinə adekvat sərt reaksiya görmədikcə Ermənistan hakimiyyəti daha da azğınlaşır. İşğalçı ölkəyə qanunun bütün vasitələri ilə təzyiq olunmalıdır. Əks təqdirdə beynəlxalq aləm bu əməllərin acı fəsadlarını artıq öz üzərində hiss edəcək. İşğalcı və cinayətkar siyasi rejim ifşa edilməli və ona qarşı kəsərli sanksiyalar həyata keçirilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti