...

Oqtay Əsədov: Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır

Siyasət Materials 2 Sentyabr 2020 15:48 (UTC +04:00)
Oqtay Əsədov: Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır. Bunun nəticəsidir ki, ölkəmizdə vəziyyət nəzarət altında saxlanılır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, COVİD-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah son bir ay ərzində karantin rejiminin yumşaldılması barədə bir neçə qərar verib:

“Növbəti yumşalma qərarı ölkə ərazisində təhsil müəssisələrinin mərhələli şəkildə açılması ilə bağlı oldu. Bundan başqa, artıq avqustun 31-dən Azərbaycanın 10 şəhər və rayonu sərt karantin rejimi zonasından çıxarılıb. Yumşalmalara gedilməsi o demək deyil ki, pandemiya başa çatıb. Əksinə, bəzi Avropa ölkələrində xəstələrin sayında artım müşahidə olunur və bu, bizim hər birimizi daha məsuliyyətli olmağa sövq edir.

Daim insanlarımızın sağlamlığını düşünən Azərbaycan Prezidenti cənab İlham Əliyev də hər zaman vətəndaşları buna çağırır. Elə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalın açılışında dövlətimizin başçısı bu məsələyə bir daha toxunaraq qeyd edib ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır.

Dövlətimizin başçısı bildirib ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir: “Pandemiyanın ilk günlərindən demişdim ki, bizim üçün insanların sağlamlığı prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən, Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Ümumi dünyada mövcud olan mənzərəni nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir".

Ölkədə vəziyyətə uyğun verilən qərarlar, atılan addımlar öz səmərəsini verməkdədir. Görülən əks-epidemik tədbirlərin səmərəliliyi nəticəsində pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb. Belə ki, artıq bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verilib. Xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan bəzi xəstəxanalar yenidən qeyri-COVID xəstəxanaları kimi xidmət göstərəcək.

Bununla belə, bizdən tələb olunan ancaq məsuliyyətli olmaqdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik və bu, real nəticələrdə öz əksini tapır, - belə olan halda hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik”. Dövlətimizin başçısı bildirib ki, buna nail olmaq üçün, əlbəttə, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir.

Hamılıqla məsuliyyətli olmalıyıq ki, aparılan mübarizə də nəticəsini versin və bu mübarizədən biz qalib çıxaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti