...

Deputat: Prezident İlham Əliyev BMT-də bir daha Ermənistanın işğalçılıq və müharibə planlarını ifşa etdi

Siyasət Materials 26 Sentyabr 2020 17:35 (UTC +04:00)
Deputat: Prezident İlham Əliyev BMT-də bir daha Ermənistanın işğalçılıq və müharibə planlarını ifşa etdi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti cənab İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə daim Ermənistanın təxribatçılıq fəaliyyətini, işğalçılıq və müharibə planlarını ifşa edir. Cənab Prezident elə BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında, eyni zamanda, sessiyanın ümumi debatlarında da Ermənistanın işğalçılıq siyasətini faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Oqtay Əsədov deyib.

Deputat bildirib ki, BMT tribunasından istifadə edən Prezident İlham Əliyev diqqəti daha çox beynəlxalq qurumların Ermənistanın işğalçı siyasətinə biganə yanaşmasına yönəldib:

“Azərbaycan ərazisinin 20 faizi 30 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etməsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Dövlətimizin başçısının da vurğuladığı kimi, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir: “Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”.

O.Əsədov vurğulayıb ki, Prezident İlham Əliyev BMT tribunasından Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti apardığını da iclas iştirakçılarının diqqətinə çatdırıb:

“Dövlətimizin başçısı bildirib ki, Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur.

Prezident çıxışı zamanı daha bir zəruri məsələni diqqətə çatdırıb. Belə ki, cənab İlham Əliyev Ermənistanın işğal altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsini məhv etdiyini deyərək, bildirib ki, Azərbaycanın təbii sərvətləri qeyri-qanuni istismar edilir. Bu isə təbii ki, ATƏT-in faktaraşdırıcı missiyasının təşkil olunması zərurətini otraya qoyur. Məsələyə belə biganə yanaşılması Ermənistanı yeni cinayət əməllərinə həvəsləndirməkdir.

Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirir, bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulub. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Cənab Prezident BMT tribunasından bu məsələlərə də diqqət çəkərək, bildirib ki, torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaradıb.

Azərbaycan Prezidentinin çıxışı bir çağırış idi - beynəlxalq birliyi Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün qətiyyətli tədbirlər görməyə, baş verənlərə seyrçi qalmamağa çağırış. Ümumiyyətlə, Prezident İlham Əliyev sözügedən çıxışı ilə Azərbaycanın qətiyyətli mövqeyini bir daha beynəlxalq təşkilatların diqqətinə çatdırdı, eyni zamanda, milli maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün bərpa olunması məsələsində prinsipiallıq nümayiş etdirdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti