...

Tarixçi: Fransanın anti-Azərbaycan mövqeyi bir daha göstərdi ki, o, özünün “tarixi missiyası”ndan geri çəkilməyib

Siyasət Materials 7 Oktyabr 2020 10:44 (UTC +04:00)
Tarixçi: Fransanın anti-Azərbaycan mövqeyi  bir daha  göstərdi ki, o, özünün “tarixi missiyası”ndan geri çəkilməyib

Bakı. İlhamə İsabalayeva – Trend:

Fransanın sərgilədiyi anti-Azərbaycan mövqeyi bir daha onu göstərdi ki, Fransa özünün “tarixi missiyası”ndan, ermənilərə sədaqət hissi”ndən geri çəkilməyib.

Bunu Trend-ə AMEA Elm Tarixi İnstitutunun Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən sonra Azərbaycan Ordusunun işğal olunmuş ərazilərimizdə uğurlu irəliləyişləri dünyanın bir çox dövlətləri tərəfindən Azərbaycana qarşı təzyiqlərlə yadda qaldı:

“Bir az da obrazlı şəkildə desək, Azərbaycanın dostları və düşmənləri yenidən su üzərində görünməyə başladı. Tarixən Azərbaycanın yanında olduğunu bəyan edən, İkinci Qarabağ müharibəsinin başlanması ilə Azərbaycanın haqq səsini yenidən dəstəkləyən qardaş Türkiyə Cümhuriyyəti, Pakistan, eləcə də Azərbaycanın hərbi-strateji müttəfiqlərindən olan İsrail ölkəmizi dəstəkləsə də, Qarabağ savaşında mənfur düşmənin yanında yer alan Fransa, Avropanın bir çox dövlətləri, bir çox ABŞ konqresmenləri qərəzli mövqe sərgilədilər. Lakin ölkə başçısının cavabı da özünü çox gözlətmədi. Sentyabrın 27-də Azərbaycan televiziyası vasitəsilə Azərbaycan xalqına müraciət ünvanlayan ölkə başçısı Azərbaycan Ordusunun layiqli cavab tədbirlərindən, erməni faşizminin növbəti təzahüründən danışdı. Bu müqəddəs müharibədə xalqdan güc aldığını açıqladı. Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Prezident İlham Əliyev Azərbaycanın mövqeyini yenidən çox aydın şəkildə ortaya qoydu. Prezident bir daha vurğuladı ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Azərbaycan Ordusunun düşmənlə təmas xəttində ardıcıl qələbə xəbərləri ölkə başçısının oktyabrın 4-də xalqa növbəti müraciətində dövlət, xalq, ordu birliyinin təntənəsi kimi yadda qaldı. Ölkə başçısının səsləndirdiyi “bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır” söyləməsi isə onun Azərbaycanın tarixi torpaqları haqqında əvvəllər də dəfələrlə qeyd etdiyi fikirlərini bir daha möhkəmləndirmiş oldu. Xalqa müraciət zamanı daha bir neçə tutarlı fikirlərin “mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir” söyləməsi isə Prezidentin işğal faktı ilə barışmayacağını ortaya qoydu”.

Z.Əmrahovun sözlərinə görə, Prezident İlham Əliyevin geridə buraxdığımız günlər ərzində bütün qətiyyəti və imkanlarını səfərbər etməsi həm də onun bariz göstəricisidir ki, ölkə liderinin arxasında böyük güc var: “Bu güc Azərbaycan xalqıdır. Bu güc Azərbaycanın ziyalı təbəqəsidir. Bütün bunlar həm də onu aydın göstərir ki, Azərbaycan xalqının 27 illik Qarabağ həsrətinin uğurlu həlli Azərbaycan dövləti ətrafında xalqın sarsılmaz birliyinin yeni erasının başlanğıcını qoyur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti