...

Prezident İlham Əliyev: Mülki şəxslərə bu namərd hücumlar erməni faşizminin növbəti təzahürüdür (FOTO)

Siyasət Materials 16 Oktyabr 2020 18:06 (UTC +04:00)
Prezident İlham Əliyev: Mülki şəxslərə bu namərd hücumlar erməni faşizminin növbəti təzahürüdür (FOTO)

Bakı. Trend:

Bu, erməni faşizminin növbəti təzahürüdür. Onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunu biz birinci Qarabağ savaşında da gördük. Məhz Xocalı soyqırımını törədənlər bizim həmin mənfur qonşularımızdır.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Ermənistanın Tərtərdə dəfn mərasimi iştirakçılarını hədəfə almasından danışarkən bildirib.

“Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə qarşı müqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşları hədəfə aldılar və namərd hücum nəticəsində bizim insanlarımız həlak oldular, həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda. Bu, insanların dəfn mərasimində iştirak etdikləri bir yerdir, hər bir insan üçün müqəddəs bir yer sayılır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs anlayışı görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar bizi yolumuzdan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Biz öz ərazi bütövlüyümüzü bundan sonra da bərpa etməyə davam edəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mülki şəxslər arasında tələfat və dağıntılar barədə məlumat verən Azərbaycan Prezidenti qeyd edib ki, Gəncəyə, Tərtərə hücumlara baxmayaraq, biz heç zaman mülki şəxslərə qarşı atəş açmamışıq, bu gün də açmırıq. Biz bu insanların qisasını döyüş meydanında alacağıq.

Prezident İlham Əliyev deyib: “Bu namərd hücumlar davam edir. Onların əsas hədəfi mülki şəxsləri öldürmək, Azərbaycan əhalisi arasında panika, qorxu yaratmaq, bizi dayandırmaq və öz çirkin niyyətlərinə çatmaqdır. Ancaq görürlər ki, bu, alınmır və nə qədər mərmi düşürsə-düşsün Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyümüzün bərpa edilməsi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti