...

Ermənistan hakimiyyətində vahid mövqe yoxdur - Paşinyan nəzarəti itirib

Siyasət Materials 5 Noyabr 2020 13:55 (UTC +04:00)
Ermənistan hakimiyyətində vahid mövqe yoxdur - Paşinyan nəzarəti itirib

Bakı. Elçin Mehdiyev - Trend:

Döyüş meydanında rəşadətli ordumuza uduzmuş Ermənistanın baş naziri Nikol Paşinyan başını itirmiş və öz ampluasında sərsəm bəyanatlar səsləndirməkdədir. Əvvəl münaqişənin danışıqlar yolu ilə həll yolunun olmadığını və sona qədər müharibə aparacağını bildirir, sonra da fikirlərini dəyişir və ayrı bəyanatlar verir, dünya liderlərinə yalvarır və Türkiyənin danışıqlar prosesində iştirakının mümkün olmadığını açıqlayır.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, amma Ermənistanda bir az başında ağlı olan və real vəziyyəti dəyərləndirə bilən siyasətçilər isə düşdükləri acınacaqlı vəziyyətdən çıxmaları üçün müəyyən konstruktiv fikirlər ifadə edir:

“O cümlədən Ermənistanın prezidenti Armen Sarkisyan Paşinyanın tam əksi olaraq münaqişənin nizamlanmasında Rusiya və Türkiyənin birgə əməkdaşlığının Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə biləcəyini bildirir. Ermənistanın rəhbərliyində fikir ayrılığının olması Paşinyanın vəziyyətə nəzarətini itirdiyindən xəbər verir. Azərbaycanın apardığı 40 günlük müharibə münaqişənin həllinin reallıqlarını dəyişib.

ATƏT-in Minsk Qrupunun 27 ildə görə bilmədiyi işi rəşadətli ordumuz qısa bir zamanda icra edib, düşməni tam məğlub halına gətirib. Armen Sarkisyan bir prezident kimi başa düşür ki, bu gün münaqişənin həlli və regiona sabitliyin gəlməsi ölkələrimizdən çox uzaqlarda yerləşən Minsk Qrupun fəaliyyəti ilə yox, birbaşa münaqişə tərəfləri ilə qonşu ölkələrin iştirakı ilə mümkündür.

Artıq Rusiya da 2+2 formatının mümkün olduğunu qəbul edib və münaqişənin danışıqlar yolu ilə qısa bir zamanda həllinin Türkiyə və Rusiyanın əməkdaşlığı ilə mümkün olacağını bildirib. Reallıq odur ki, müharibənin davam etdiyi hər gün Ermənistanı uçuruma aparır və artıq erməni siyasətçiləri bu reallığı qəbul etməyə məcbur olub. Münaqişənin yeganə həll yolunun işğalçı ölkənin hərbi birləşmələrinin ölkəmizin ərazisini tərk etməkdən keçdiyini də qarşı tərəf anlamağa başlayıb.

Əgər Paşinyan və onun tərəfdarları 2+2 formatını qəbul etməsələr, yaxın dövrdə Ermənistanda yenidən dövlət çevrilişi qaçılmaz olacaq. Ona görə də Paşinyan prezident Armen Sarkisyanın fikri ilə razılaşmağa məcburdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti