Bakı. İlhamə İsabalayeva - Trend:
Ermənistan işğal və müharibə zamanı Azərbaycana vurduğu siyasi, maddi və mənəvi ziyanı ödəməyə məcbur edilməlidir.
Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.
Onun sözlərinə görə, beynəlxalq məhkəmə vasitəsilə Ermənistanın indiki hakim dairələri, eləcə də Azərbaycana qarşı bu münaqişəni və müharibəni törədən, bu cinayətlərdə iştirakı olan bütün ekstremist və separatçılar cəzalarını almalıdırlar. Onlar bütün sülhsevər cəmiyyət qarşısında özlərinin faşizm xarakterləri ilə, xəyanətkarlıq damğası altında tanınmalıdırlar.
Q.Hacıyev qeyd edib ki, döyüş meydanında uduzan Ermənistanın sivil xalqı raket atəşinə tutması, diplomatiya sahəsində böhtanlar yağdırması, uydurma iddiaları davam etdirməsi kimi addımlar atması halları artıq arxada qaldı:
"Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabr ayının 27-dən etibarən xilaskarlıq yürüşünə başladı. Erməni lobbisinin, erməni diaspor təşkilatlarının və bir sıra dövlətlərin mürtəce qüvvələrinin yardımı ilə 4 ilə işğal etdikləri ərazini Azərbaycan Ordusu 44 gün davam edən hərbi əməliyatlar nəticəsində azad etdi".
Bunu Azərbaycan Ordusunun zəfər yürüşü, xilaskarlıq missiyasının başlanması kimi dəyərləndirən tarixçi alim əlavə edib ki, müzəffər ordumuz Ermənistanın 30 ildə qurduğu istehkamları dağıtdı, hərbi- texniki vasitələrini məhv etdi, Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının şəhər və kəndlərini Xocavənd rayonunun böyük bir hissəsini, o cümlədən Hadrut qəsəbəsini, Suqovuşanı, Xocalının bir neçə kəndini işğaldan azad etdi. Azərbaycanın tacı, Cənubi Qafqazın musiqi beşiyi adlandırılan Şuşa şəhəri işğaldan azad olundu:
"Bu, Vətən Müharibəsi prosesində çox böyük qələbədir. Həm xalqımızın 28 ildir davam edən Şuşa həsrətinə son qoyuldu, həm də Dağlıq Qarabağda işğalçılıq siyasətini davam etdirmək istəyən işğalçı hərbi qüvvələrin bütün təchizat yolunu, əlaqə vasitələrini, hərbi kömək imkanlarından məhrum etdi. Ermənistanın Dağlıq Qarabağda Azərbaycan Ordusuna qarşı hücumların qarşısı tamamilə alındı".
Q.Hacıyev əlavə edib ki, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərinin bütün rayonlarında, şəhər və kəndlərində mülki və inzibati tikintiləri, kommunikasiya sistemini söküb-dağıdıb. Təbii sərvətlərini vəhşicəsinə istismar etdiyi halda işğalçılar orada adi bir infrastruktur qurmağa belə maraq göstərmədən yalnız süni istehkamlar yaratmağa, bu əraziləri xarabalıq halında saxlamağa üstünlük veriblər:
"Çox güvəndikləri bu istehkamlar isə qısa bir müddətdə, güclü hərbi texnikaya, müzəffər orduya malik olan Azərbaycan tərəfindən darmadağın edildi. Artıq bu istiqamətdə davam edən hadisələr ətrafında feyk xəbərlər yaymağa, Ermənistan cəmiyyətini və dünya ictimaiyyətini aldatmağa imkan qalmadı. Məğlub durumda olan, kapituliyasiyaya uğramış bir dövlətin indi nə vuruşmağa imkanı, nə də danışmağa sözü yoxdur".