...

Regionda yeni geosiyasi əməkdaşlıq platforması meydana çıxa bilər - Təhlil

Siyasət Materials 13 Dekabr 2020 09:08 (UTC +04:00)
Regionda yeni geosiyasi əməkdaşlıq platforması meydana çıxa bilər - Təhlil

Bakı. İlhamə İsabalayeva - Trend:

Dekabrın 10-da keçirilən Zəfər paradında Azərbaycan və Türkiyə liderləri tərəfindən verilən mesajlar, eyni zamanda Azərbaycanla Türkiyə arasında imzalanan sənədlər təkcə region üçün deyil, ümumilikdə dünya üçün yeni əməkdaşlıq və birgəyaşayış platfomasının formalaşmasına səbəb ola bilər.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında vizadan azadetmə haqqında sazişə dəyişiklik haqqında protokol yeni platformanın formalaşması üçün praktiki addımlardan biri hesab edilə bilər. Bu, həm Azərbaycana, həm də Türkiyəyə böyük iqtisadi üstünlüklər qazandıracaq, Türk dünyasının bu iki əsas dövləti arasında inteqrasiyanı daha da gücləndirəcək:

"Təhlillər göstərir ki, Azərbaycan və Türkiyə liderləri tərəfindən region dövlətlərinə təklif olunan əməkdaşlığın reallaşmasında Rusiya tərəfi də maraqlıdır. Gizli deyil ki, rus siyasi elitasında Avrasiyada slavyan-türk ittifaqının formalaşdırılması ideyası mövcuddur. Rusiya Federasiyası tərkibindəki türk respublikalarını da nəzərə alsaq, əslində Rusiyanın təhlükəsizliyi üçün bu ən ideal modellərdən biri kimi görünür. Cənub qonşumuz İran İslam Respublikasının əməkdaşlıq platformasına qoşulması isə bu ölkəni iqtisadi sanksiyaların təzyiqindən qurtara bilər. Rusiya və İranın Azərbaycan və Türkiyə ilə yaxınlaşması isə Orta Asiyadakı türk dövlətlərinin də bu əməkdaşlıq platformasına meyillənməsi deməkdir. Başqa sözlə desək illərdən boyu arzulanan və hətta bəzən Avropa İttifaqının alternativi olaraq təqdim olunan Türk Birliyi türk dövlətlərinin və tərkibində türk xalqlarının çoxluq təşkil etdiyi dövlətlərin birliyi modelində gerçəkliyə çevrilə bilər".

E.Kəlbizadə hesab edir ki, indi Azərbaycan və Türkiyənin imzaladığı bir çox sənədlər bəlkə də gələcəkdə əməkdaşlıq platformasına qoşulan ölkələr üçün istinad nöqtəsinə çevrilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti