...

Ermənistanda prezident səviyyəsində etiraf olundu ki, ölkə dizüstə çöküb, təkcə dövlətin deyil, millətin də böhranını yaşayır - Deputat

Siyasət Materials 28 Dekabr 2020 19:49 (UTC +04:00)
Ermənistanda prezident səviyyəsində etiraf olundu ki, ölkə dizüstə çöküb, təkcə dövlətin deyil, millətin də böhranını yaşayır - Deputat

Bakı. Trend:

44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan öz gücünü istər düşmən ölkəyə, istərsə də bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz 44 gün ərzində böyük zəfərlərə imza ataraq tarixi torpaqlarımızı işğaldan azad etməyə nail oldu. Onu da deyim ki, Vətən müharibəsi həm işğalçı ölkə ordusunun acınacaqlı məğlubiyyəti ilə başa çatıb, həm də əldə etdiyimiz qələbə sayəsində bölgədə yeni reallıqlar yaranıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat bildirib ki, artıq otuz il ərzində davam edən "Dağlıq Qarabağ münaqişəsi", eləcə də “qoşunların təmas xətti”, “status-kvo” kimi anlayışlar tarixə qovuşub. İşğaldan azad edilən ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır: “Vacib məsələlərdən biri də odur ki, 44 günlük Vətən müharibəsində erməni faşizmini məhv edən Azərbaycan Ordusu bu gün regionda təhlükəsizliyin qarantı rolunda çıxış edir. Bütün bunların fonunda Ermənistanın düşdüyü durum isə olduqca vahiməli və ümidsizdir. Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olan işğalçı Ermənistanda noyabrın 10-dan etibarən siyasi qarşıdurma və vətəndaş itaətsizliyi davam etməkdədir. Paşinyan hakimiyyəti isə etirazların qarşısını almaq üçün müxtəlif vasitələrə əl atır”.

Erməni mətbuatında Paşinyan və komandasının işğalçı dövləti hansı fəlakətlərlə üz-üzə qoyması barədə geniş fikirlərə yer verildiyini də deyən deputat bildirb ki, həmin yazılarda indiki hakimiyyətin 2,5 il ərzində ölkəni hansı vəziyyətə gətirməsi barədə nəticələr təqdim edilir: “Qeyd olunur ki, Paşinyan hakimiyyətinin fəaliyyəti nəticəsində ortada məğlub, dağılmış və fəaliyyət qabiliyyəti olmayan ordu qalıb. Eyni zamanda, bu müddət ərzində minlərlə ailə qazanc yerini itirib, iqtisadi tənəzzül dərinləşib, xarici borc 8 milyard dolları ötüb”.

“Bir sözlə, 44 günlük müharibə və acı məğlubiyyət Ermənistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olub, işğalçı ölkədə daxili qarşıdurma pik həddə çatıb” deyən Vüqar İskəndərovun sözlərinə görə, Ermənistan prezidenti Armen Sarkisyanın etirafları da bunu bir daha təsdiqləyir:

“Minlərlə erməni gəncinin ölümünün həm cəmiyyət, həm onların ailələri üçün faciə olduğunu vurğulayan Ermənistan prezidentinin “26 il bundan əvvəl bizim güclü ordumuz var idi. Bu dövr ərzində Azərbaycan bu istiqamətdə böyük güc sərf etmiş, müasir texnologiyalar tətbiq etmiş, Ermənistan isə arzusunu reallıq kimi qəbul etmişdir. Ermənistan deyir güclü ordusu var, amma reallıqda isə bu, yoxdur” deməsi, bir həqiqəti növbəti dəfə ortaya qoydu. Yəni, Ermənistanda prezident səviyyəsində etiraf olundu ki, “Ermənistanın güclü, məğlubedilməz ordusu var” şəklindəki iddiaların heç bir əsası olmayıb” deyə deputat bildirib.

“Azərbaycanlılar həm də informasiya və media müstəvisində müharibəyə hazırlaşdılar. Ermənistan bu müharibəni itirdi, ona görə ki, bununla məşğul olmadı. Azərbaycan Ermənistana qarşı informasiya hücumları edir, Ermənistanda isə qüvvələr bir-birini ittiham edir” deyən Armen Sarkisyan onu da etiraf edib ki, Ermənistan dizüstə çöküb, işğalçı ölkə təkcə dövlətin deyil, millətin böhranını da yaşayır: “Hesab edirəm ki, Ermənistan prezidentinin həm yuxarıda bəhs edilən fikirləri, həm də mövcud problemləri aradan qaldırmaq iqtidarında olmayan Paşınyan hökumətini ittiham etməsi və onu istefaya çağırması işğalçı ölkənin mövcud durumunu bütün çılpaqlığı ilə ortaya qoyur. Lakin onu da xüsusi olaraq vurğulamalıyıq ki, Ermənistanın bu duruma düşməsinin əsas səbəbi məhz son otuz il ərzində bu ölkənin rəhbərlərinin apardığı işğalçılıq siyasəti, həmçinin Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti