...

Ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya Xocalı faciəsini azərbaycanlılar törədib - Alim

Siyasət Materials 26 Fevral 2021 23:45 (UTC +04:00)
Ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya Xocalı faciəsini azərbaycanlılar törədib - Alim

Bakı. İlhamə İsabalayeva - Trend:

Xocalı faciəsini törədən ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya bu faciəni azərbaycanlılar özləri törədiblər. Lakin buna nail ola bilmədilər.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

Onun sözlərinə görə, ermənilər belə cəhdləri Vətən Müharibəsi zamanı da etməyə çalışıblar. Onlar Gəncə və Bərdədə mülki əhalini raket-artilleriya zərbəsi nəticəsində qətlə yetirsələr də, beynəlxalq aləmə yalan məlumat verərək bunun Azərbaycanın özü tərəfindən edildiyini iddia etmək istəyirdilər.

Alim əlavə edib ki, Ermənistan hakimiyyəti bu cinayətləri ilə təkcə bir xalqa yox, bütün insanlığa qarşı dəhşətli cinayət törətmiş oldu.

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi qüvvələri Xankəndi şəhərində yerləşən Rusiya Federasiyasının 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum etdi. Fevralın 25-i axşamdan başlayaraq şəhər şiddətli artileriya atəşinə tutuldu. Şəhər yerlə yeksan edildi, əhalisi soyqırımına məruz qoyuldu. Xocalı şəhərinin sağ qalmış əhalisi Azərbaycanın 48 rayonunda müvəqqəti sığınacaqlara yerləşdirildi. Həsrətlə Xocalının işğaldan azad olacağı günü gözləməyə başladı. Ümidlərini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq müstəvisində, sülh vastəsilə həllinə bağladılar. BMT TŞ Azərbaycan Respublikası ərazisinin işğaldan azad edilməsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etdi, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən bu qətnamələr yerinə yetirilmədi".

Q.Hacıyev qeyd edib ki, Azərbaycan torpaqlarının 20% işğalına, 30 min azərbaycanlının ölümünə, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olan Ermənistan nəinki bu ərazilərin işğaldan azad edilməsinə imkan vermədi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə də maneə yaradaraq Azərbaycana qarşı əlavə ərazi təhdidləri etdi. Qarabağda və Qarabağdan kənar ərazilərimizdə (Tovuz, Naftalan, Mingəçevir, Gəncə) Azərbaycana qarşı təxribatlar törətməyə cəhd göstərdi:

"Prezident İlham Əliyev Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll edən, ölkəmizin ərazi bütövlüyünü bərpa edən lider kimi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. 44 günlük Vətən Müharibəsi ilə torpaqlarımız işğaldan azad edildi.

Tarixə ekskursiya göstərir ki, Prezident İlham Əliyev Əfşarlar dövlətinin hökmdarı Nadir şahdan sonra Azərbaycanın işğal olunmuş ərazilərini azad edən yeganə azərbaycanlı dövlət başçısıdır. İndiyə qədər rəsmi və ya qeyri rəsmi şəkildə Azərbaycan torpaqlarının sərhəd boyunda yerləşən xeyli hissəsini qəsb etmiş Ermənistandan həmin ərazilər də geri qaytarmağa məcbur edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti