...

Mina qurbanlarına görə Ermənistanla yanaşı, vasitəçi dövlətlər də məsuliyyət daşıyırlar - Alim

Siyasət Materials 7 Aprel 2021 10:46 (UTC +04:00)
Mina qurbanlarına görə Ermənistanla yanaşı, vasitəçi dövlətlər də məsuliyyət daşıyırlar - Alim

Bakı. İlhamə İsabalayeva - Trend:

Hərbi əməliyyatların dayandırılmasından sonra işğaldan azad edilmiş ərazilərdə basdırılmış minaların qurbanına çevrilən hərbçi və mülki şəxslərə görə Ermənistanla yanaşı, vasitəçi rolunda çıxış edən dövlətlər və sülhməramlı qüvvələr də məsuliyyət daşıyırlar.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasətinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin müharibənin bitməsindən sonrakı dövrdə atdığı bütün addımlara baxmayaraq, Ermənistan dövləti öz terrorçu mahiyyətini dəyişmək istəmir. Bu cür vasitələrlə bəşəri və hərbi cinayətlərini davam etdirir:

"Aydındır ki, burada söhbət təkcə Paşinyanın rəhbərlik etdiyi hökumətdən getmir. Ermənistanda ordu ilə siyasi hakimiyyətin arasında problemlərin olduğu məlumdur. Ermənistan ordusundü isə faktiki olaraq bir qrup terrorçu və hərbi cinayətkarlar vəzifə daşıyır, xidmət edirlər. Təbii ki, Ermənistandakı qüvvələrin məqsədi aydındır- Azərbaycanın bu ərazilərdə quruculuq işlərinə başlamasını, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışını bu vasitələrlə əngəlləmək, yubatmaq".

E.Kəlbizadə qeyd edib ki, lakin hazırkı vəziyyətdə əsas vasitəçi dövlət rolunu üzərinə götürmüş Rusiya həm Ermənistanın siyasi hakimiyyətinə, həm ordusuna, həm də vaxtilə Qarabağda mövcud olmuş hərbi xuntanın üzvlərinə təsir imkanlarına malikdir:

"Əgər onlar sülhməramlılar missiyalarını yerinə yetirdikləri Azərbaycan ərazilərində minaların və partlamamış sursatın təmizlənməsini həyata keçiriblərsə, müvafiq olaraq keçmişdə işğal altında olmuş ərazilərdə də bu fəaliyyətin həyata keçirilməsinə dəstək vermək məsuliyyətini daşıyırlar. Bu təkcə Azərbaycana deyil, həm də bölgədə kommunikasiya xətlərinin açılmasında maraqlı olan dövlətlərin özlərinə lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti