Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstana səfər çərçivəsində bir sıra qurumlarda tədbirlərdə iştirak edib.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Ombudsman əvvəlcə Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının üzvləri ilə görüş keçirib. Görüş zamanı təsisatların fəaliyyət istiqamətləri barəsində qarşılıqlı müzakirə aparılıb. Ombudsman Səbinə Əliyeva Komissiya üzvlərinə Vətən müharibəsi dövründə beynəlxalq humanitar hüququn pozulması faktlarının araşdırılması ilə bağlı həyata keçirilmiş fəaliyyət, o cümlədən faktaraşdırıcı missiyalar, hazırlanmış hesabatlar barədə ətraflı məlumat verib.
Səfər çərçivəsində Səbinə Əliyevanın Bolqarıstan Ombudsmanı Diana Kovaçeva ilə də görüşü baş tutub. Ombudsmanlar təsisatlar arasında qarşılıqlı əlaqələr, habelə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Daha sonra Ombudsman Bolqarıstanın Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetində olub, professor-müəllim heyəti ilə görüş keçirib. Ombudsman iştirakçılara təsisatın fəaliyyəti barədə məlumat verib və ona ünvanlanmış sualları cavablandırıb.