...

44 günlük müharibə Ermənistanın iqtisadi çöküşünü də şərtləndirdi - Politoloq

Siyasət Materials 16 Noyabr 2021 21:13 (UTC +04:00)
44 günlük müharibə Ermənistanın iqtisadi çöküşünü də şərtləndirdi - Politoloq

Bakı. Elçin Mehdiyev – Trend:

44 günlük İkinci Qarabağ müharibəsi Ermənistanın iqtisadi anlamda da çöküşünü şərtləndirdi. Açıqlanan rəsmi məlumatlar da bunu təsdiq edir ki, ölkə sosial-iqtisadi kollapsın içərisində çabalayır.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, ən maraqlı məqam isə ondan ibarətdir ki, böhran hər keçən gün daha da dərinləşir və geniş miqyas alır.

“Başqa sözlə, müharibənin yaratmış olduğu ağır iqtisadi fəsadlar zaman keçdikcə daha aydın şəkildə hiss olunmaqdadır. Bu, istər işsizliyin, inflyasiyanın və yoxsulluq həddinin yüksəlməsində, istərsə də xaricə miqrasiya etmək istəyən ermənilərin sayının dəfələrlə artmasında özünü göstərir.

Artıq Ermənistandakı rəsmi qurumlar vəziyyətin son dərəcə gərgin olduğunu etiraf etmək məcburiyyətində qalıblar. Belə ki, rəsmi məlumatlara görə, 2021-ci ilin üç rübündə Ermənistanı ölkəyə daxil olanlarla müqayisədə 103 min çox insan tərk edib. Bu, ölkə əhalisinin təxminən 3 faizini təşkil edir. Tərk etmələrin çoxu - demək olar ki, 64 min nəfər ilin birinci rübünün payına düşüb. Bu, onsuz da demoqrafik problemlərdən ciddi şəkildə əziyyət çəkən Ermənistan üçün kifayət qədər böyük rəqəmlərdir” - deyə, politoloq bildirib.

Onun sözlərinə görə, gərgin iqtisadi vəziyyət mühacirətin əsas səbəbi olaraq qalır: “Qeyd etmək lazımdır ki, rəsmi məlumatlara əsasən, Ermənistan iqtisadiyyatı 2020-ci ildə 7,6 faiz azalıb. Lakin burada digər səbəblər də mövcuddur. Xüsusən, Ermənistan hakimiyyətinin və ayrı-ayrı müxalif siyasi dairələrin müharibədən sonra revanşist ideyalar səsləndirməsi onsuz da ümidsizlik içərisində yaşayan erməni xalqına xaricə mühacirət etməkdən başqa seçim qoymur. Əhali ümidsizdir, hakimiyyət isə gələcəklə bağlı optimist mesajlar verməkdə aciz qalır” - deyə, C.Əhmədli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti