...

İsraildə Xocalı qurbanlarının anım mərasimi keçirilib (FOTO)

Siyasət Materials 21 Fevral 2022 14:25 (UTC +04:00)
İsraildə Xocalı qurbanlarının anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

İsrailin Qüds şəhərinin iri mədəniyyət mərkəzlərinin birində 20-ci əsrin sonunun ən dəhşətli humanitar faciəsi olan, erməni quldur dəstələri tərəfindən Xocalı şəhərində dinc əhalinin kütləvi qırğınının qurbanlarının anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman deyib ki, Azərbaycandan İsrailə köçmüş sakinlər Azərbaycan xalqı və Azərbaycan diasporu ilə birgə bu il azərbaycanlıların yaddaşında sağalmaz yara kimi qalan Xocalı faciəsinin 30-cu ildönümünü qeyd edir.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni millətçiləri tərəfindən 613 dinc sakin qətlə yetirilib, onların arasında qocalar, qadın və uşaqlar da olub. Quldurların əlindən xilas ola bilən insanlar soyuq fevral günlərində dağlıq yolları qət etməli olub. Yüzlərlə şəxs yolda həlak olub və ya itkin düşüb.

Xocalı faciəsi Ermənistanın Azərbaycan torpaqlarının işğalı məqsədilə yürütdüyü təcavüzkar siyasətin daha bir səhifəsi olub. Bu siyasət yekunda əzəli Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalçılar tərəfindən ələ keçirilməsi ilə müşayiət olunub.

“Azİz” İsrail-Azərbaycan beynəlxalq assosiasiyası tərəfindən təşkil edilən tədbirdə Knessetin deputatı, ”İsrail-Azərbaycan parlamentlərarası qrupunun sədri Elina Bardaç-Yalova çıxış edib. O bildirib ki, yəhudilər milli mənsubiyyətinə görə vəhşicəsinə qətllərlə üzləşmiş Azərbaycan xalqını çox yaxşı anlayır və kədərini bölüşür.

Tədbirdə, həmçinin Milli Məclisin deputatı Sevil Mikayılova da çıxış edib. “Pisqat Zeev” Mədəniyyət Mərkəzinin direktoru Yael Koen qonaqları salamlayaraq “Azİz” assosiasiyasına Qüds sakinləri üçün bu cür vacib tədbirin təşkilinə görə təşəkkür edib.

Tədbirdə, eyni zamanda Azərbaycanın İsraildəki Turizm Nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə, “Passage” jurnalının baş redaktoru, sənətşünaslıq doktoru Nərminə Ağası və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir bədii proqramla davam edib. Bədii hissədə Bakıdan gəlmiş məşhur pianoçu, Fəqan Həsənli və israilli opera müğənnisi Kameliya Yoffe çıxış edərək tamaşaçılara Azərbaycan və dünya musiqi klassiklərinin əsərlərini təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti