...

Rusiya Müdafiə Nazirliyinin "Dağlıq Qarabağ" ifadəsi Azərbaycanın suverenliyinə qarşı açıq təxribatdır - ŞƏRH

Siyasət Materials 9 Mart 2022 09:30 (UTC +04:00)
Rusiya Müdafiə Nazirliyinin "Dağlıq Qarabağ" ifadəsi Azərbaycanın suverenliyinə qarşı açıq təxribatdır - ŞƏRH

Bakı. Elçin Mehdiyev – Trend:

Rusiya Müdafiə Nazirliyinin Ukraynaya yardım göndərən ölkələr arasında "Dağlıq Qarabağ" adlı subyektin adını xüsusi olaraq vurğulaması Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq təxribatdır.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bu addım ötən ay imzalanmış strateji müttəfiqlik haqda Moskva bəyannaməsinin ruhu ilə ziddiyyət təşkil edir.

“Bəyannamənin müvafiq bəndlərində qeyd olunur ki, tərəflər bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş fəaliyyətlərin qarşısını qətiyyətlə almaq öhdəliyini üzərilərinə götürürlər. Rusiya Müdafiə Nazirliyinin "Dağlıq Qarabağ" təqdimatı isə bunun əksini ortaya qoyur. Görünür, Rusiya tərəfi öhdəliklərini yerinə yetirməkdə niyyətli deyil. Belə olan təqdirdə hansı strateji müttəfiqlikdən söhbət gedə bilər?

Məlum olduğu kimi, Ukrayna cəbhəsində Rusiya ordusunun ardıcıl məğlubiyyətləri ilə bağlı məlumatlar daxil olmaqdadır. Görünür, yaşanan uğursuzluqlar Rusiya Müdafiə Nazirliyinin qərarvericilərini çaş-baş salıb. Yoxsa indiki qəliz situasiyada öz strateji müttəfiqinə qarşı bu cür qəbuledilməz davranışı hansı məntiqlə izah etmək olar? Başqa sözlə, bu təxribatın arxasında dayananlar ya başlarını itiriblər, ya da məqsədli şəkildə Azərbaycanı Rusiyadan uzaqlaşdırıb Moskva bəyannaməsini suya atmağı planlaşdırırlar”, - deyə politoloq bildirib.

O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi həm də onu anlamalıdır ki, Azərbaycan Rusiya ilə normal münasibətlər saxlayan tək-tük ölkələrdəndir.

“Onsuzda həm beynəlxalq müstəvidə, həm də postsovet coğrafiyasında nüfuzu getdikcə zəifləyən Rusiyanın Azərbaycana münasibətdə bu cür təxribatçı ritorikadan çıxış etməsi onun daha da təklənməsinə rəvac verəcək”, - deyə deputat əlavə edib.

Onun fikrincə, şübhə yoxdur ki, təxribat planının arxasında sülhməramlı kontingentin rəhbəri Andrey Volkov şəxsən özü dayanır.

“Ermənilərin yaşadığı ərazilərdə biznes quran, Azərbaycana qarşı xüsusi mənfi münasibəti ilə seçilən Volkovun təqdimatı ilə hazırlanan bu tipli məlumatlar Rusiya ilə Azərbaycan arasında əlaqələrə xələl gətirmək məqsədinə xidmət edir”, - deyə politoloq qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti