...

Brüssel görüşü ərəfəsində İrəvanda müxalifətin mitinqi siyasi tamaşadır - TƏHLİL

Siyasət Materials 6 Aprel 2022 13:46 (UTC +04:00)
Brüssel görüşü ərəfəsində İrəvanda müxalifətin mitinqi siyasi tamaşadır - TƏHLİL
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü gözlənilir. Həmçinin, Prezident İlham Əliyevin N.Paşinyanla təkbətək görüşü də istisna olunmur. Brüssel görüşü ərəfəsində İrəvanda müxalifətin mitinqi keçirilib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, İrəvanda müxalifətin mitinqi Brüssel görüşü ərəfəsində Paşinyan hakimiyyəti tərəfindən təşkil edilmiş növbəti tamaşadır.

“Burada belə bir haqlı sual yaranır. Niyə bu mitinqlər bu günə kimi keçirilmirdi? Sözügedən mitinq nə üçün Brüssel görüşündən bir gün əvvəl keçirildi? Ermənistan hakimiyyəti kimin başını aldatmaq istəyir? Heç şübhəsiz ki, bu şouda əsas məqsəd ictimai rəyə əsaslanaraq danışıqlar zamanı özünü mümkün ssenarilərdən sığortalamaqdır.

Ermənistanda bütün rəhbərliklər dövründə danışıqlar prosesini durdurmaq və zaman udmaq üçün bu kimi metodlardan geniş istifadə olunub. Bu bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqlar prosesini pozmaq, sülh müqaviləsini imzalamaqdan imtina etməkdir. Bu yanaşma artıq Ermənistanın dövlət siyasətinə çevrilib.

Lakin Paşinyan da, onun Qərbdəki havadarları da çox yaxşı bilirlər ki, gec-tez sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində iş başlamalıdır. Bu, nə qədər tez olsa, Ermənistan üçün bir o qədər yaxşıdır. Azərbaycan heç zaman öz haqlı mövqeyindən bir addım da geri çəkilməyəcək”, - deyə Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, Paşinyan Prezident İlham Əliyevlə bütün görüşlərində olduğu kimi, ötən il dekabrın 14-də Brüssel görüşü zamanı da zərbə aldı.

“Buna görə də Paşinyan bugünkü görüşə xüsusi ümid bəsləməməli və bilməlidir ki, müqavimət cəhdləri növbəti yeni zərbə ilə nəticələnəcək. Ermənistan bunu nə qədər tez anlasa bir o qədər yaxşı olar.

Əgər Ermənistan bunu danışıqlar yolu ilə anlamasa, o zaman dəmir yumruq yenidən işə düşə bilər. Ermənistan 44 günlük müharibədə baş verənlərdən ciddi nəticə çıxarmalıdır”, - deyə deputat bildirib.

Politoloq Ceyhun Əhmədli isə Trend-ə açıqlamasında bildirib ki, aprelin 5-də İrəvanda müxalifətin keçirdiyi mitinq bir neçə mətləblərdən xəbər verir.

“Məhz indiki məqamda belə bir kütləvi aksiyanın təşkili revanşist dairələrin Paşinyanı Azərbaycanla mümkün sülh müqaviləsi imzalamaqdan çəkindirmək niyyətindən xəbər verir. Nəzərə alaq ki, Azərbaycanın təklif etdiyi şərtlər artıq Ermənistan ictimaiyyətinə bəllidir. Revanşistləri isterikaya salan əsas məqam da budur ki, sülh quruculuğu prosesi getsə, revanşistlər siyasi meyitə çevriləcəklər. Onların sülh qorxusu bu amildən qaynaqlanır.

Digər məqam isə odur ki, Paşinyan özü Brüssel səfəri öncəsi belə bir kütləvi aksiyanı təşkil etməklə güzəştə getməyin "mümkünsüzlüyünü" göstərməyə çalışacaq. Bunda məqsəd ictimai rəyə əsaslanaraq danışıqlar zamanı özünü mümkün ssenarilərdən sığortalamaqdır”, - deyə politoloq bildirib.

O qeyd edib ki, Ermənistandakı revanşistlər də, Paşinyan da, onun Qərbdəki havadarları da çox yaxşı bilirlər ki, artıq Qarabağ münaqişəsi həll olunub, geriyə yol yoxdur və əlavə şərtlər irəli sürmək cəhdlərinin heç bir səmərəsi olmayacaq”, - deyə C.Əhmədli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti