...

Prezident İlham Əliyev: Biz gördük ki, Özbəkistanda Heydər Əliyevin xatirəsi necə sevgi ilə, necə hörmətlə yad edilir, bu, bizə çox xoşdur (Tam nitq)

Siyasət Materials 21 İyun 2022 22:53 (UTC +04:00)

Bakı. Trend:

Biz gördük ki, Özbəkistanda Heydər Əliyevin xatirəsi necə sevgi ilə, necə hörmətlə yad edilir, bu, bizə çox xoşdur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı deyib:

“Hörmətli Şavkat Miromonoviç, icazə verin, dəvətə, mənə və Azərbaycan nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirim. Qardaş Özbəkistan torpağında olmaq, ikitərəfli münasibətlərin geniş spektrini və xarici siyasət gündəliyində duran mühüm məsələləri Sizinlə müzakirə etmək fürsətinə malik olmaq mənə çox xoşdur.

Bu gün mənim səfərim çox əlamətdar hadisədən – Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və gözəl parkın açılışından başlandı. Şavkat Miromonoviç, mən Sizə atamın xatirəsinə belə münasibətə görə Azərbaycan Prezidenti kimi, Heydər Əliyevin oğlu kimi öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Biz bunu çox yüksək dəyərləndiririk. Biz gördük ki, Özbəkistanda Heydər Əliyevin xatirəsi necə sevgi ilə, necə hörmətlə yad edilir, bu, bizə çox xoşdur. Bu gün biz abidənin və meydanın açılışında çıxış etdik, Heydər Əliyev haqqında, onun Özbəkistana münasibəti haqqında danışdıq. Əminəm ki, bu gün bu münasibəti hər bir azərbaycanlı bölüşür. Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir. Səfər pandemiya ilə əlaqədar təxirə salınmışdı. Həmçinin onu diqqətlə hazırlamaq lazım idi ki, qardaşım Şavkat Miromonoviçin dediyi kimi, sıçrayış edək. Fikrimcə, bu, həqiqətən sıçrayış xarakterli səfərdir. Çünki müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, bizim gəldiyimiz qərarlara əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.

Dünən biznesforum çərçivəsində xeyli sənəd imzalanıb. Bu gün belə sənədlərin ümumi sayı iyirmiyə yaxındır. Şavkat Miromonoviçin dediyi kimi, Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə çox qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Bu gün burada artıq bir neçə saat bir yerdə keçirdikdən sonra işləyəcəyimiz istiqamətləri daha da konkretləşdirdik. Tapşırıqlar verilib. Şavkat Miromonoviç artıq bu barədə ətraflı danışdı, mən həyat fəaliyyətinin müzakirə etdiyimiz istiqamətlərini təkrarlamaq istəmirəm. Əminəm ki, nəticələr olacaq. Çünki bu, prezidentlərin nəzarətindədir. Əminəm, müvafiq nazirlər, dövlət strukturlarının rəhbərləri yaxşı başa düşürlər ki, biz prezidentlər qarşıya qoyduğumuz məsələlərin yerinə yetirilməsinə nəzarət edəcək və onlardan cavab istəyəcəyik. Bu məsələlərin icrası isə ona gətirib çıxaracaq ki, ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Çünki bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Bunun əsası, əlbəttə ki, liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir. Fikrimcə, bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi ilə bağlı layihələr barəsində əldə etdiyimiz razılaşmalar – bütün bunlar həm əmtəə dövriyyəsinin artırılması, həm də ölkələrimiz və xalqlarımız arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq.

Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Buna görə də, düşünürəm ki, bu gün razılığa gəldiyimiz məsələlər yerinə yetiriləcək. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, həmçinin təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək addımlarımızı planlaşdıracağıq.

Bu gün Bəyannamə imzalandı. Siyasi Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. Təbii ki, qarşılıqlı dəstək də olacaq – həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir. Bu da olacaq. Ona görə ki, bundan ötrü siyasi iradə var.

Bu gün mən biz ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etmək istərdim. Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər. Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq. Bugünkü səfər buna daha bir sübutdur. Əslində, biz bu gün iqtisadi qarşılıqlı fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, humanitar sahə ilə, mədəniyyətlə bağlı məsələlər barədə danışırıq, yəni, sözün geniş mənasında bu gün bizim gələcək aktiv qarşılıqlı fəaliyyətimizin əsası qoyulur və əminəm ki, nəzərdə tutduqlarımızın hamısı yerinə yetiriləcək.

Çıxışımın sonunda qardaş özbək xalqını qazanılmış bütün nailiyyətlər münasibətilə bir daha təbrik etmək istərdim. Biz Özbəkistanda baş verənləri diqqətlə izləyirik. Sizin uğurlarınıza sevinirik. Sevinirik ki, Şavkat Miromonoviçin başladığı islahatlar artıq nəticə verir. Aydındır ki, belə fundamental islahatlar üçün vaxt lazımdır. Lakin qısa müddətdə əldə edilənlər, əvvəla, Prezidentin iradəsindən xəbər verir, göstərir ki, özbək xalqı bu təşəbbüsləri dəstəkləyir və həmin təşəbbüslər nəticə verir. Bu, təkcə statistikada görünmür, əminəm ki, Daşkəndi ziyarət edən hər kəs bunu görür. Mən Daşkənddə əvvəllər olmuşam və bugünkü dəyişiklikləri görəndə ürəkdən sevinirəm ki, qardaş ölkə uğurla inkişaf edir, burada sülh, asayiş, sabitlik, iqtidarla cəmiyyətin vəhdəti mövcuddur – bunlar hər bir dövlətin inkişafı üçün əsas amillərdir. Əlbəttə, Prezidenti təbrik etmək istərdim ki, onun nəzərdə tutduğu işlərin hamısı yerinə yetirilir və əminəm ki, tamamilə yerinə yetiriləcək. Bu nailiyyətlər münasibətilə qardaş özbək xalqını da təbrik edirəm. Həmçinin əminəm ki, bu gün iki Prezidentin öz nümayəndə heyətlərinə verdiyi bütün tapşırıqlar yerinə yetiriləcək. Əlbəttə, onlar bilirlər ki, tələb ciddi olacaq, biz ciddi nəzarətçilərik, səhvləri bağışlamayacağıq, amma yaxşı nəticələr olsa onları tərifləməyə şad olarıq.

Hörmətli Şavkat Miromonoviç, belə xoş münasibətə, qonaqpərvərliyə görə bir daha sağ olun, qardaş özbək xalqına firavanlıq, bundan sonra da inkişaf arzu edirəm. Sağ olun.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti