...

27 sentyabr - Zəfərə gedən yolun başlanğıcı

Siyasət Materials 27 Sentyabr 2022 14:35 (UTC +04:00)
27 sentyabr - Zəfərə gedən yolun başlanğıcı

Bakı. Trend:

Zəfər yoluna çıxdığımız vaxtdan - 27 sentyabr 2020-ci ildən artıq iki il ötür. 27 sentyabrda “Qarabağ Azərbaycandır!” şüarını özünə rəhbər tutan müzəffər ordumuz Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər əmrinə müntəzirik deyərək, əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən, “Vətən Müharibəsi” adlandırılan bu müharibə 8 noyabr tarixində dövlətimizin, xalqımızın zəfəri ilə başa çatdı. Burada xüsusi vurğulamaq lazımdır ki, düşmən üzərində qazanılan qələbəmizin, uğurlarımızın ən başlıca səbəbi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət, güclü ordu quruculuğu, güclü dövlət, milli birlik və döyüşçülərimizin yüksək əhval-ruhiyyəsi olmuşdur.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ordu quruculuğu və güclü dövlət siyasəti nəinki düşmənə, bütün dünyaya dövlətimizin lazım gəldikdə öz haqqı və ədalətin bərpası üçün böyük bir gücə qadir olduğunu göstərməklə yanaşı, 30 ildir yalnız kağız üzəridə qalan BMT-nin 4 qətnaməsini 44 günlük Vətən Müharibəsində bərpa etdi.

44 günlük Vətən Müharibəsi eyni zamanda, “yenilməz Ermənistan ordusu” mifologiyasını darmadağın etdi. Prezident İlham Əliyevin dediyi kimi, “biz erməni ordusunu yenilməz ordu kimi təqdim edən mifologiyaya son qoyduq”. II Qarabağ müharibəsi bizim tarixi zəfərimizdir. Buna bənzər qələbə olmamışdır. Əsrlər boyu yalnız torpaq itkisi ilə üzləşən dövlətimiz 200 illik tarix ərzində ilk dəfə olaraq işğal olunmuş torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytardı. Bununla da, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, ordumuz isə qalib ordu olaraq tarixə düşdü.

Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə ilə kifayətlənməyərək daha da möhkəmlənməyə, qüdrətlənməyə, döyüş qabilyyətini artırmağa, maddi-texniki bazasını gücləndirməyə səy göstərir. Son iki ildə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri pozaraq ölkəmizə qarşı təxribatlar törədən Ermənistan silahlı qüvvələrinə rəşadətli ordumuzun verdiyi “Qisas” və “Qətiyyətli cavab” dərsi də artan imkanlarının, gücünün təqdmatı oldu.

Sentyabrın 27-də başlanan yol ölkə başçısı İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Anım Günüdür. Bu günlərdə xalqımız, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. İbadət ocaqlarında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunur. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər. Bizlər vətən uğrunda canından keçən şəhidlərimizə, öz sağlamlığını itirən qazilərimizə hər zaman borcluyuq. Şəhidlərimizin və qazilərimizin canı-qanı bahasına bizlərə əmanət etdiyi vətənimizi, dövlətimizi qorumaq üçün hər daim canımızdan keçməyə hazır olmalı, şəhidərimizin bizə əmanət etdiyi yadigarlarına hörmətlə, ehtiramla yanaşmalı, qazilərimizə sevgi və qayğımızı əsirgəməməliyik.

Qarabağ Azərbaycandır!

Qüdrət Nuriyev,
Azərbaycan Alpaqut Federasiyasının prezidenti

Xəbər lenti

Xəbər lenti