Bakı. Trend:
Ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanov Hərbi Hava Qüvvələri (HHQ) və Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrini, həmçinin Milli Müdafiə Universitetini ziyarət edib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, qonaq onu müşayiət edən Azərbaycan Ordusunun
Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə birgə əvvəlcə
HDQ-nin hərbi hissəsi ərazisində şəhidlərin xatirəsinə ucaldılan
abidə önünə gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla
yad edib.
Qonaqlara hərbi hissə haqqında ətraflı brifinq təqdim edildikdən
sonra burada şəxsi heyət üçün yaradılan şərait ilə praktiki
tanışlıq keçirilib.
Yeməkxana, yataqxana, inzibati və xidməti otaqlar ziyarət edilib, hərbi hissənin silahları və digər döyüş vasitələri barədə ətraflı məlumat verilib.
Özbəkistan nümayəndə heyəti dəniz xüsusi təyinatlılarının
nümayiş məşğələlərini izləyib.
Sonra general-leytenant B.Kurbanov HHQ-nin pilotsuz uçuş aparatları
hərbi hissəsinə gələrək burada yaradılan şəraitlə tanış olub və
döyüş vasitələrinin imkanları barədə məlumatlandırılıb.
Daha sonra qonaqlar Milli Müdafiə Universitetini ziyarət edib.
Onlara Universitetin tarixi, fəaliyyəti və ümumilikdə hərbi təhsil
sistemi ilə bağlı geniş brifinq təqdim olunub. Özbəkistan müdafiə
naziri universitetin xatirə kitabına ürək sözlərini yazıb.
Yekunda müasir avadanlıqlarla təchiz edilmiş simulyasiya mərkəzinə
gələn qonaqlar burada hərbi qulluqçular üçün yaradılan şəraitlə
tanış olub, mərkəzin fəaliyyəti ilə bağlı onlara ətraflı məlumat
verilib.