...

Milli Məclisdən Şuşa-Laçın yolunda etiraz aksiyasına dəstək

Siyasət Materials 16 Dekabr 2022 11:15 (UTC +04:00)
Milli Məclisdən Şuşa-Laçın yolunda etiraz aksiyasına dəstək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Şuşa-Laçın yolunda etiraz aksiyasına dəstək ifadə olunub.

Trend-in məlumatına görə, iclasda deputat Siyavuş Novruzov bildirib ki, bir neçə gündür ki, Azərbaycan ekoloqları Azərbaycanın sərvətlərinə, ekologiyasına vurulan ziyanın qarşısının alınmasına etiraz edirlər.

“Biz onların yanındayıq, onları dəstəkləyirik, onlar haqq yolundadır və biz sona qədər onların yanındayıq. Bu aksiyada xüsusilə də gənclərimizin fəal iştirakı təqdirəlayiq haldır”, - deyə o qeyd edib.

Deputat R.Nurullayev isə bildirib ki, bu aksiya çoxdan keçirilməli idi. “Ermənilər bu yolu talançılıq üçün istifadə edir. Ermənilər ərazilərimizdə ekoloji terror törədir. Hesab edirəm ki, aksiyanın daha da genişləndirilməsi və tələblərin artırılması lazımdır”, - deyə o qeyd edib.

Deputat Sabir Rüstəmxanlı deyib ki, bu aksiya Azərbaycan xalqının iradəsinin göstəricisidir. “Biz ərazilərimizə nəzarəti artırmalıyıq. Həmin yolun üzərində Azərbaycanın sərhəd keçid məntəqəsinin və gömrük məntəqəsinin qurulması tələbini də irəli sürməliyik”, - deyə o qeyd edib.

Deputat Tural Gəncəliyev vurğulayıb ki, Şuşa-Xankəndi yolundakı aksiya qanuni şəkildə, konstitusiya çərçivəsində keçirilir. Bu məsələ Azərbaycanın daxili işidir. Ona görə də Ermənistanın havadarlarının aksiya ilə bağlı yersiz hay-küy qaldırmasını qəbul etmirik. Şuşa-Laçın yolu qanunsuz silah daşınması üçün istifadə edilir və buna son qoyulmalıdır. Təssüflər olsun ki, Ermənistanın qanunsuz hərəkətlərindən Azərbaycan xalqı hələ də əziyyət şəkir, insanlarımız mina partlayışları nəticəsində həlak olur. Ermənistanın Şuşa-Laçın yolu ilə minalar daşıyaraq ərazilərimizdə basdırmasına son qoyulmalıdır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası beşinci gündür ki davam edir.

Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti