Bakı. Trend:
"Baku Network" ekspert platformasında Azərbaycan və Avropa İttifaqı (Aİ), xüsusən də Aİ-nin mühüm üzvlərindən biri olan Polşa ilə əlaqələrə dair müzakirələr aparılıb.
Müzakirələrdə Milli Məclisin Xankəndi şəhərindən olan deputatı, "Baku Network" Ekspert Platformasının rəhbəri Tural Gəncəliyev, Avropa Parlamentinin üzvü Tomaş Poreba və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev iştirak ediblər.
Polşa və Azərbaycanın müvafiq olaraq Avropa və Cənubi Qafqazda həyata keçirdiyi layihələr müzakirə edilib. Xüsusilə, müzakirələrdə Zəngəzur dəhlizinin və Via Karpatia yolunun (Şərqi Avropa regionunda yeddi dövlətin ərazisindən keçəcək, Klaypedadan Salonikiyə qədər planlaşdırılan avtomobil yolu) əhəmiyyəti vurğulanıb.
Bundan əlavə, iştirakçılar Azərbaycanın Orta Dəhlizdəki rolundan və onun Aİ üçün əhəmiyyətindən danışıb, Polşa ilə Azərbaycan, eləcə də Türkiyə ilə əlaqələrə, Cənubi Qafqazda və Aİ-də baş verən mühüm geosiyasi proseslərə toxunublar.